Vaşinqtonda Üzeyir Hacıbəylinin 125 illik yubileyi qeyd olunub
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Bakıda və Vyanada keçirilən bayram tədbirlərinə Vaşinqton da qoşulub. SİA-nın məlumatına görə, sentyabrın 23-də ABŞ paytaxtında "Qarabağ" Fondu tərəfindən bəstəkarın yubileyi münasibətilə Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib. Qeyd edək ki, yeni yaranan ABŞ qeyri-hökumət təşkilatı kimi "Qarabağ" Fondunun məqsədi amerikalıları Azərbaycanın zəngin mədəniyyəti və tarixi ilə tanış etmək, ölkələrimiz arasında yeni mədəni körpülər salmaqdır.
Mərasimdə çıxış edənlər Üzeyir Hacıbəylinin yaradıcılığından danışaraq bildiriblər ki, Hacıbəylinin dahiliyi muğam musiqi janrının ənənəvi klassik musiqi formaları ilə nadir sintezini yaratmasından ibarət idi. Bununla yanaşı, bəstəkar Qərb aləmində tanınmayan Azərbaycan milli musiqi alətlərinin klassik musiqi orkestrinin bir hissəsinə çevrilməsinə də müvəffəq olub.
Mədəniyyət gecəsində yerli azərbaycan icmasının üzvü Bəhruz Fərruxi "Koroğlu" operasından və "Arşın mal alan" operettasından ariyaları ifa etmiş, amerikalı sənətsevərləri bir sıra milli musiqi alətlərimizin xüsusiyyətləri ilə tanış edib.
"Qarabağ" Fondu Birləşmiş Ştatlarda Azərbaycan mədəniyyətinin təşviqi istiqamətində səylərini davam etdirəcək və bu yaxınlarda amerikalı sənətsevərlərə Azərbaycanla bağlı daha yeni layihələr təqdim edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB