Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçirilir

Polşa Respublikasının Krakov şəhərində iyulun 2-dən 12-dək davam edəcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçirilir. SİA-nın məlumatına görə, açılış mərasimində Polşa Prezidenti Ancey Duda və YUNESKO-nun baş direktoru İrina Bokova, Polşanın baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski çıxış ediblər.

Sessiyada Azərbaycanı Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimovun rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, komitədə ölkəmizin eksperti Rizvan Bayramov, Ekologiya və Təbii sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində dünya mədəni və təbii irsinə dair 200-dək qərar qəbul olunacaqdır. İlk növbədə, 34 məkandan hansının YUNESKO-nun Dünya İrsi Siyahısına salınması barədə qərar qəbul ediləcək. Bundan başqa, YUNESKO-nun Ümumdünya İrs Komitəsi Dünya İrsi Siyahısına salınmış 99 yerin qorunma vəziyyətini, habelə təhlükə altındakı obyektlərin vəziyyətini müzakirə edəcək. Sessiya çərçivəsində Suriyanın Hələb şəhərinin sakinləri üçün xeyriyyə aksiyası keçiriləcək.

Hazırda 195 dövlətin üzv olduğu YUNESKO-nun 21 üzv dövləti Ümumdünya İrs Komitəsinə daxildir. Komitəyə Anqola, Azərbaycan, Burkina-Faso, Xorvatiya, Filippin, Finlandiya, İndoneziya, Yamayka, Qazaxıstan, Kuba, Küveyt, Livan, Peru, Portuqaliya, Koreya Respublikası, Tunis, Türkiyə, Vyetnam, Zimbabve, Tanzaniya Birləşmiş Respublikası və Polşa daxildir. Azərbaycan Komitəyə 2015-ci ildə üzv seçilib.

Sessiya zamanı çıxış edən Ümumdünya İrs Komitəsinin direktoru xanım Meçdild Rossler “Hərbi Münaqişə zamanı mədəni irsin qorunmasına dair Hərbi bələdçi”nin hazırlanması və nəşrinə göstərdiyi dəstək və maliyyə töhfəsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Hazırda ölkəmizin İçəri şəhər, Şirvanşahlar və Qız Qalası ilə birgə, eləcə də Qobustan tarixi-bədii Qoruğu Dünya İrsi siyahısındadır. İclasda ölkəmizin təklifi ilə “Xan sarayı ilə birgə Şəkinin tarixi hissəsi”nin YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilməsi ilə bağlı namizədlik sənədi ilə əlaqədar müzakirə aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə