Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının Küveyt dövlətində təbliğatı məqsədilə ölkə təqdimatı və iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşlər keçirilib. SİA-nın məlumatına görə, sözügedən görüşlərdə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyəti Küveyt Dövlətinə səfər etmişdir. Nümayəndə heyətinə Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev, Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, eləcə də ölkəmizdə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin nümayəndələri daxil olub.
Tədbirdə Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəman, Küveyt İnformasiya Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən təmsilçi ofisi "Atlantis Holidays" şirkətinin, eləcə də Küveyt dövlətində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Azərbaycanın zəngin turizm potensialının Küveyt dövlətində təbliğatı məqsədilə ölkə təqdimatı, eləcə də yerli mehmanxana və turizm şirkətlərinin təqdimatları keçirilib. Daha sonra, iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşlər keçirilib, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirin sonunda Turizm şöbəsinin müdiri Aydın İsmiyev Küveytin 1-ci kanalına müsahibə verib. Müsahibə zamanı O, Azərbaycan və Küveyt arasında turizm sahəsində əməkdaşlığın vacibliyi və gələcəkdə görülən işlər barəsində ətraflı danışıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB