Nazirimiz ÜTT İcraiyyə Şurasının 104-cü Sessiyasında çıxış edib

Nazirimiz ÜTT İcraiyyə Şurasının 104-cü Sessiyasında çıxış edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında çıxış edib. SİA-nın məlumatına görə, nazir çıxışında Azərbaycan nümayəndə heyəti adından yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizm əhəmiyyətli rol oynayır. Nazir son illər bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verərək, viza sadələşdirilməsinin tətbiqindən sonra əvvəlki illərlə müqayisədə xarici turistlərin səfərlərində 11 % artımın olduğunu qeyd edib. Bununla yanaşı, Əbülfəs Qarayev ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışmış, 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında da məlumat verib.

O qeyd etmişdir ki, 2017-ci il dünyada "İnkişaf naminə davamlı turizm beynəlxalq ili" çərçivəsində ölkəmizdə də bir sıra layihələr həyata keçiriləcək.

Çıxış zamanı Azərbaycan Respublikası Prezidentinin turizm sahəsinə göstərdiyi yüksək diqqət, 2016-cı ilin 1 sentyabr tarixində turizmin inkişafına dair imzalanmış Sərəncamın əhəmiyyəti və hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd edildiyi xüsusilə vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə