“Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi”

“Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi”

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərən yeni açılmış Yusuf Məmmədəliyevin Memorial Muzeyinin Gənc Alimlər Klubunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi" mövzusunda təqdimat təşkil edilib. SİA-nın məlumatına görə, təqdimatda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirliyin müxtəlif şöbələrinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən aparıcı muzeylərin rəhbərləri, Dövlət Gömrük Komitəsinin əməkdaşı iştirak edib. Təqdimatda Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin yerli koordinatoru cənab Alessandro Bianki "Maddi mədəni sərvətlərin ixracı" mövzusunda təqdimat edib.

Təqdimatda bu proseslərin tənzimləyən "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası" və "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"nda əks olunan qaydalar müzakirə edilmiş, milli mədəni irsin qorunması şərtilə ölkəyə gələn turistlərin ölkədən aldıqları mədəni sərvətlərin ixracı zamanı ortaya çıxan çətinliklər diqqətə çatdırımış və onların aradan qaldırılması üçün həll yolları təklif edilib.

Tvinninq layihəsi çərçivəsində yaxın gələcəkdə İtaliyalı ekspertlərin köməyi ilə Azərbaycanda mövcud qanunvericilikdə mədəni sərvətlərin ixracı ilə bağlı prosedurların daha da sürətləndirilməsi, eləcə də boşluqların müəyyən edilib aradan qaldırılması üçün həll yollarının tapılması məqsədilə çoxtərəfli görüşün keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə