Lahıcda ASAN Könüllülərinin "Həmrəylik Düşərgəsi" açılıb FOTOLAR
2016-cı ilin Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunması münasibətilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı tərəfindən iyulun 20-də Lahıcda "Həmrəylik düşərgəsi" layihəsinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, layihə ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə keçirilir.
Əvvəlcə Xidmətin hərbi orkestrinin ifasında dövlət himni səsləndirilib və düşərgə açıq elan edilib.
Düşərgənin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, mədəniyyət və turizm nazirinin birinici müavini Vaqif Əliyev, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, eyni zamanda, "Həmrəylik düşərgəsi"nə dəstək vermiş şirkətlərin adından "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış ediblər.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bu layihənin keçirilməsi üçün Lahıcı seçdikləri üçün İsmayıllılar, xüsusi ilə Lahıclılar adında təşkilatçılara minnətdarlığını bildirib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Həmrəylik düşərgəsi"nin ASAN Könüllülərinin növbəti yay məktəbi olduğunu qeyd edib. İnam Kərimov qeyd edib ki, digər yay məktəblərindən fərqli olaraq bu dəfəki düşərgə daha çox hərbi formatda təşkil olunub. Sədr düşərgədə yaradılan infrastrukun Dövlət Sərhəd Xidməti tərəfindən yaradılığını deyib. İnam Kərimov bildirib ki, 5 gün ərzində ASAN Könüllüləri Lahıcın tarixi və mədəniyəti ilə daha yaxından tanış olacaqlar. Lahiyə Azərbaycanın digər kənd və qəsəbələrinə davam etdiriləcək.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinici müavini Vaqif Əliyev bildirmişdir ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilmişdir. Sərəncamdan irəli gələrək respublikamızda bir cox tədbirlər baş tutmuşdur. Qeyd olunmuşdur ki, bu gün İsmayıllı rayonu Lahıc tarix-mədəniyyət qoruğunda keçirilən Asan Könüllülərin "Həmrəylik düşərgəsi"nin acılış mərasimi də bu tədbirlər silsiləsindəndir. Azərbaycanda ilk dəfə keçirilən bu layihə gənclər arasında milli - mədəni irsin, multikultural dəyərlərin qorunması, təbliği və inkişafının dəstəklənməsi, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində xüsusi yer tutacaqdır.
Vaqif Əliyev bildirmişdir ki, "Həmrəilik düşərgəsi"nin məhz Lahıcda açılması təsadüfi deyil. Lahıc - istər multikultural dəyərlərin, istərsə də zəngin mədəni irsin, adət ənənələrin, xalq sənətkarlığının nümunəsidir.
XVIII-XIX əsr Qafqazın ən iri sənətkarlıq mərkəzlərinin birinə çevrilən Lahıc bu gün də misgərlik, dəmirçilik, xalçaçılıq, dabbaqlıq, sərraclıq, papaqçılıq və toxuculuq kimi sənət növlərini yaşadır. 2015-ci ildə Lahıc misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev hərbiləşdirilmiş qaydada keçirilən layihənin məqsədinin gənclərin hərbiyə marağının artırılması və onların vətənpərvərlik ruhuna böyüməsinə şərait yaratdığını qeyd edib.
Qeyd edək ki, layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. Düşərgə zamanı, həmçinin dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub. Qeyd edilib ki, "Həmrəylik düşərgəsi"nin keçiriləcəyi Lahıc qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.
Düşərgənin tərəfdaş və dəstəkçiləri layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində məhsulları ilə dəstək veriblər: PAŞA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, Vertical Group, ALT Group, SHARP, AZ CAKE, Səba, P&G, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrup.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB