Bakıda Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantı keçiriləcək
Bakıda Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, 12 iyul tarixində İstanbulda İslam Tarixi, İncəsənəti və Mədəniyyətini Araşdırma Mərkəzinin (IRCICA) Baş direktoru Halit Erenlə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə arasında keçirilmiş görüşdə 2016-cı ilin oktyabr ayında Bakıda Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantı keçirilməsi məsələsi müzakirə edilib. Görüşdə Halit Eren nazir Əbülfəs Qarayevin İRCİCA-nı ziyarət etdiyi zaman Qarabağ mədəniyyəti və irsi mövzusunda birgə fəaliyyətin həyata keçirilməsinin razılaşdırıldığı və daha sonra məktub mübadilələri ilə bu təklifin təsdiqləndiyini bildirib. V.Eyvazzadə qeyd edib ki, hazırda Ermənistanın işğalı altında olan ərazilərimizdə bütün tarixi abidələr dağıdılıb, İslam irsinin ən vacib nümunələri, dini məbədlər, məscidlər məhv edilib. İRCİCA-nın Baş direktoru İslam Əməkdaşlıq Təşkilatının tarixi-elmi, mədəni araşdırmalar mərkəzi olaraq bu məsələdə Azərbaycan ilə daha sıx əməkdaşlıq etməyə hazır olduqlarını, 2016-cı ilin oktyabr ayında keçiriləcək elmi toplantının İslam dünyasının nüfuzlu elm xadimlərini Qarabağ mövzusunda bir araya gətirəcəyini bildirib.
H.Eren 1997-ci ildə ulu öndər Heydər Əliyevin İRCİCA-nı ziyarət etdiyini və 1998-ci ildə Bakıda Ümummilli Liderin himayəsi ilə Qafqazda islam mədəniyyəti mövzusunda beynəlxalq konfransın keçirildiyini xatırladaraq dahi şəxsiyyət Heydər Əliyevin tədbirin açılışındakı çıxışının insanların yaddaşında həkk olunduğunu qeyd edib. Görüşdə 2016-cı ilin oktyabr ayında keçiriləcək elmi toplantının proqramı, müzakirə mövzuları, habelə 2016-cı ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB