"Seçilənlər" kitabının təqdimatı keçirilib

"Seçilənlər" kitabının təqdimatı keçirilib

Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı və musiqili ədəbi gecə keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə dövlət nümayəndələri, kitabda yer alan sənətkarlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, əməkdar incəsənət xadimi, yazıçı Anar çıxış edərək, kitabın ədəbiyyat sahəsində özünəməxsus yer tutacağına ümid etdiyini bildirib: "Bu gün ədəbiyyatda aşınma gedir. Çox təəssüf ki, hər şey bayağılaşır. Belə bir məqamda "Seçilənlər" kitabının ərsəyə gəlməsi ədəbiyyat sahəsində əlamətdar hadisədir. Arzu edirəm ki, ədəbi nümunə geniş oxucu kütləsi qazanmağa müvəffəq olsun".

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi, bəstəkar Firəngiz Əlizadə, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov ədəbi toplunun əhəmiyyətindən danışıb.

Mərasimin bədii hissəsində opera müğənniləri Fidan və Xuraman Qasımovalar, Fərqanə Qasımova, pianoçu Murad Hüseynov, aktrisa Mehriban Zəki, vokal instrumental "Qaya" qrupu və digər tanınmış sənət nümayəndələrinin çıxışları olub.

Kitaba müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı müxtəlif səpkili yazıları-müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir. Bu yazıların əksəriyyəti müxtəlif vaxtlarda Günel Anarqızının yaradıcısı və baş redaktoru olduğu "El", Mədəniyyət və Turizm Nazirliyinin "Pəncərə (mədəniyyətə baxış)", Diasporla İş üzrə Dövlət Komitəsinin "Ölkəm" jurnallarında, eləcə də başqa mətbu orqanlarında çap edilib.

Günel Anarqızı qeyd etdiyi kimi, "Seçilənlər" kitabı onun jurnalistika sahəsindəki fəaliyyətinin oxucular qarşısında bir növ hesabatıdır. "Seçilənlər" kitabında oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərxad Xəlilov, Altay Sadıxzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, unudulmaz şairlərimiz Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bunyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, pianoçu Elmira Səfərovaya və adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş başqa böyük sənətkarlarımıza ithaf edilmiş yazılar yer alıb.

Qeyd edək ki, ümumilikdə, incəsənətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölümdən ibarət olan "Seçilənlər" 50-dən artıq yazıdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə