29 Aprel "Beynəlxalq Rəqs Günü"dür FOTOLAR

Bu gün "Beynəlxalq Rəqs Günü"dür. SİA-nın verdiyi xəbərə görə, 1982-ci il 29 apreldə Beynəlxalq Teatr İnstitutu (ITI), YUNESKO və QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən bu günün qeyd olunmasına qərar verilib. Məhz, həmin tarixin "Beynəlxalq Rəqs Günü" kimi keçirilməsi müasir baletin atası sayılan fransız baletmeystri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jean Georges Noverrenin doğum günü ilə bağlıdır.

Bu tarix ölkəmizdə də əlamətdar gün kimi qeyd olunur. Azərbaycan rəqsləri qədim və zəngin tarixə malikdir. Belə ki, hələ eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub.

Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən əvvəl rəqs tamaşaçıların alqışlamaları nəticəsində əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb.

Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq, yeni məzmun və istifadə vasitələri əldə edir.

Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat tərzini və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.

Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər var. Azərbaycanıın tanınmış rəqs ustalarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Xumar Zülfüqarova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla, milli rəqsi inkişaf etdirə biliblər.

Azərbaycan rəqslərinin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün olub. Bu qurum xalq musiqisinin, eləcə də rəqslərin toplanması və nota yazılmasına aid iş planını sözü gedən vaxtdan həyata keçirməyə başlayır. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbül Elmi-Tədqiqat Musiqi Kabinetinə rəhbərlik edib. Onun yeni yaradılan musiqi müəssisəsinin işində, folklorun toplanıb çap olunmasında müstəsna xidmətlərini qeyd etmək lazımdır.

İlk toplunun çapı 1937-ci ilə aiddir. "Azərbaycan rəqs havaları" adlanan bu toplu Səid Rüstəmov tərəfindən hazırlanıb. Məcmuəyə 30 rəqs daxil edilib. Həmin rəqslər bu gün də öz təravətini itirməyib.

1951-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov Məmməd Saleh İsmayılovun not yazılarına əsasən, "Azərbaycan xalq rəqsləri" toplusu buraxılıb. Bu məcmuəyə qədim xalq rəqsləri daxil edilib.

1954-cü ildə Rauf Hacıyev, zurnaçı Əli Kərimovun çalğısından "Sünbülü" və "Yarış" rəqslərini nota salıb və piano üçün işləyib. Bu rəqslər əsasən, konsert pyesi kimi maraq doğurur.

Qeyd edək ki, bütün dünya xalqlarını öz gözəlliyi ilə heyrətə gətirən rəqslərimiz bu gün də qocaman sənətkarların yetirmələri tərəfindən inkişaf etdirilir, beynəlxalq layihələrdə uğurla nümayiş olunur. Bir sözlə, Azərbaycanın milli rəqs məktəbi yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə