Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli Azərbaycan bəstəkarı Qənbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub. NDU-nun mətbuat şöbəsindən SİA-ya verilən məlumata görə, tədbir bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoslaydın nümayişi ilə başlanıb.
Sonra ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov Qənbər Hüseynlinin Azərbaycanın musiqi mədəniyyətindəki xidmətlərindən söz açıb. Rektor çoxəsrlik zəngin milli mədəni irsimizin təbliğində Qənbər Hüseynlinin xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yerini diqqətə çatdırıb.
Sonra musiqişünaslıq kafedrasının müdiri, dosent İnara Məhərrəmovanın "Qənbər Hüseynlinin həyat və yaradıcılığı" mövzusunda məruzəsi dinlənilib.
Vurğulanıb ki, görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və başqa əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Onun 1948-ci ildə bəstələdiyi "Cücələrim" mahnısı bütün dünyada populyarlıq qazanıb. Qənbər Hüseynli 45 illik ömründə əsrlərlə yaşayacaq bir irs qoyub.

Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.
Konsert proqramında orkestr alətləri ixtisası üzrə IV kurs tələbəsi Cahangir Qurbanovun bədii rəhbəri olduğu kvartetin ifasında "Cücələrim", xalq çalğı alətləri ansamblının müşayiəti ilə "Ay işığında", xalq çalğı alətləri kafedrasının müəllimi Zeynəb Yusiflinin ifasında "Ceyran", "İlk məhəbbət", "Küsmərəm", "Nə vaxta qaldı", "Aşıqsayağı" mahnıları səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB