Bakı Musiqi Akademiyasında ustad dərsləri keçiləcək

Bakı Musiqi Akademiyasında ustad dərsləri keçiləcək

İtaliyanın Brescia şəhərində yerləşən "L.Marenzio" Konservatoriyasının professoru, "Silenus Ensemble"nin bədii rəhbəri Claudio Marini (cello) və Bresçia Konservatoriyasının opera sənəti üzrə professoru Vittoria Licari (vocal) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri keçəcəklər. Akademiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dərslərin fevralın 24–dən martın 1-dək keçirilməsi nəzərdə tutulub.

Fevralın 25-də isə Estoniyanın ölkəmizdəki səfirliyi tərəfindən akademiyada "Estonian National Day" adlı tədbir təşkil olunacaq. Tədbirdə Talinnin "Vanalinna Segakoor" xoru və estoniyalı orqan ifaçısı Kristel Aer, həmçinin BMA-nın professoru Rasimə Babayeva (orqan ifaçısı) konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, aprelin 21-dən 24-dək BMA və Polşanın Adam Mitskieviç İnstitutunun birgə təşəbbüsü ilə akademiyada Liceo Konservatoriyasının professoru Pol Kortez (viola) və BBC Simfonik Orkestrinin və London Simfonianın trombon ifaçısı Dan Cenkins (trombon) tərəfindən ustad dərsləri təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə