Özbəkistan nümayəndə heyətinin Qəbələyə səfəri başlayır

Özbəkistan nümayəndə heyətinin Qəbələyə səfəri başlayır

Özbəkistanın Səmərqənd Vilayət hakimiyyətinin nümayəndə heyətinin Azərbaycanın Qəbələ rayonuna səfəri başlayır. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar ötən ilin dekabr ayında Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Səmərqənd şəhərində ezamiyyədə olub, Səmərqənd şəhər hakimiyyətində görüşlər keçirib, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Səmərqənddəki Afrosiab Dövlət Tarixi Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olub, Səmərqənd Dövlət Universitetində Azərbaycan mədəniyyətinə dair tədbirlər, "Azərbaycan gecəsi" keçirilib. Səfər zamanı Özbəkistanın Səmərqənd vilayəti ilə Azərbaycanın Qəbələ rayonu arasında əməkdaşlıq əlaqələrinin yaradılması təklifi irəli sürülüb və təklif Səmərqənd Vilayət Hakimiyyəti tərəfindən müsbət qarşılanıb.

Bununla əlaqədar 22-26 fevralda Özbəkistanın Səmərqənd Vilayət hakimiyyətinin nümayəndə heyətinin Azərbaycanın Qəbələ şəhərinə səfəri təşkil olunub.

Səfər müddətində Qəbələ rayonu ilə tanışlıq, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd vilayəti ilə Azərbaycanın Qəbələ rayonu arasında əməkdaşlıq əlaqələrinin yaradılması layihəsi həyata keçirilir.

İkitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması, bu istiqamətdə birgə iş planının razılaşdırılması, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi və mübadiləsi nəzərdə tutulub.

Səmərqənd və Qəbələ şəhərlərinin bir sıra oxşarlıqları vardır. Hər iki şəhər qədim tarixə malikdir, regionun turizm mərkəzidir, sözügedən şəhərlərdə tez-tez beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir, müxtəlif mədəniyyətlərin, xalqların bir yerdə yaşadığı tolerant məkandır. Məhz, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə "Multikultiralizm ili" elan edilib. Bununla əlaqədar, qonaqlar Qəbələ rayonunda müxtəlif mədəniyyətlərin birgə dostluq mühitində yaşadığı yerlərlə, habelə tarixi, dini abidələrlə tanış olması nəzərdə tutulub.

Qonaqlar səfər müddətində Qəbələ rayon İcra Hakimiyyətində görüşlər keçirəcək, rayonun mədəniyyət, turizm müəssisələrində olacaq, tarixi, mədəniyyət, turizm obyektlərini ziyarət edəcək, əldə olunmuş müsbət təcrübə ilə ilə tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Səmərqənd vilayət hakiminin (rəhbərinin) ümumi məsələlər üzrə müavini Şirali Yuldaşov, humanitar, mədəniyyət və etnik məsələlər üzrə müavini İsroil Cabbarov, Özbəkistandakı Azərbaycan diaspora təşkilatının Səmərqənd vilayəti üzrə rəhbəri Adilağa Mirzəyev daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə