Azərbaycan alim və yazıçıları niyə Nobel mükafatı ala bilmir? AÇIQLAMA
"Azərbaycan alim və yazıçılarının Nobel mükafatı ala bilmək potensialı az deyil. Sözügedən mükafatı ala bilməməyimizin bir neçə səbəbi var və buna görə müəyyən addımlar atılmalıdır". Bunu SİA-ya açıqlamasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu deyib.
O qeyd edib ki, ölkəmizdə elmi sistem və ədəbi mühit, potensialı üzə çıxarmaq səviyyəsində təkmilləşməlidir: "İstedadlı insanlarımızın qayğısına lazımınca qalmalı, onların yetişməsi üçün lazımi şərait yaratmalıyıq. Bu işə yaşlı nəslin təcrübəsi və onlardan bir çoxunda olan qısqanclıq mane olur. Bizim elmi və ədəbi mühitimizdəki natamamlıq kompleksi aradan qaldırılmalıdır".
Professor bildirib ki, yaranan məhsulları beynəlxalq arenaya lazımi səviyyədə çatdırmaq mexanizmi yaradılmalıdır: "Fikrimcə, həm AMEA- da, həm də Azərbaycan Yazıçılar Birliyində bu vəzifəni yerinə yetirən, ciddi fəaliyyət göstərən qurumlar olmalıdır. Bu qurum həm yaranan ciddi əsərləri tərcümə edib dünyanın ən populyar, nüfuzlu mərkəzlərinə yollamalı, həm də onları beynəlxalq səviyyədə təbliğ etməlidir".
Ə.Qəşəmoğlu bildirib ki, təəssüf ki, Nobel Mükafatı Komitəsi illər keçdikcə daha da siyasiləşməyə meyl edir: "Bəzən təqdim olunmuş əsərlərin keyfiyyəti heç də həlledici rol oynamır. Deməli, yüksək səviyyəli, mükafata layiq əsərlərimizin qarşısına sədd qoyulmaması üçün bu sahədə də əlavə işlər görməyə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB