Qalaaltı “Termal Şəhərlər” marşrutuna daxil olur

Qalaaltı “Termal Şəhərlər” marşrutuna daxil olur

Avropanın Tarixi Termal Şəhərlər Assosiasiyası tərəfindən Türkiyənin Bursa şəhərində keçirilən iclasda Mədəniyyət və Turizm Nazirliyi təmsil olunub. SİA-nın məlumatına görə, tədbirinin yekunu ilə bağlı Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Prezidenti Guiseppa Bellandi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə rəsmi məktub ünvanlayıb.
Məktubda qeyd olunur ki, Qalaaltı turizm mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal Şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna daxil olur. Bildirilir ki, 2015-ci ilin iyul ayında Azərbaycanda "Termal şəhər" layihəsinə baxış keçirmək üçün Assosiasiyanın eksperti Mişel Tomas Pinet və Bursa Valisinin köməkçisi Ahmet Hikmet Şahin ölkəmizə səfər çərçivəsində uğurlu nəticələr əldə ediblər. Həmçinin, məktubda Azərbaycanda səfərdə olmuş ekspertlərin iclasda çıxışları zamanı iştirakçılara müsbət hesabat təqdim etdiyi də qeyd olunur. Səfərin əsas məqsədinin Assosiasiya üzvlərini Qalaaltının qədim termal və mədəni irsi ilə tanış etmək olduğu bildirilir.
Qeyd edək ki, növbəti mərhələdə layihəyə Qəbələ rayonunun da daxil edilməsi nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, Assosiasiyaya 13 ölkə, 36 şəhər daxildir və iclas hər il bir üzv ölkədə keçirilir. Öz işinə başlayan iclasda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova iştirak etmiş və Azərbaycan Termal Şəhərlər layihəsinin təqdimatını keçiribdir.

Bütün xəbərlər Facebook səhifəmizdə