Region QHT-ləri ilə növbəti görüş keçiriləcək

Region QHT-ləri ilə növbəti görüş keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Balakən rayonunda "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" adlı zona görüşünün təşkilini planlaşdırıb. SİA-nın məlumatına görə, zona görüşləri milli mədəniyyətimizin inkişafı və təbliği prosesinə regionlarda fəaliyyət göstərən QHT-lərin potensialından faydalanması üçün lazımi şərait yaradacaq.
Tədbir 22 oktyabr 2015-ci il tarixində saat 11:00-da Balakən rayon Mədəniyyət Mərkəzində ətraf rayonlarda fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilati dəstəyi sayəsində sözügedən tədbirdə respublikamızın 6 rayonundan olan (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) təqribən 150-ə qədər QHT nümayəndələrinin təmsil olunması nəzərdə tutulub.
Görüş zamanı mədəniyyətimizin təbliğində QHT potensialının təhlili, mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lərə Nazirlik tərəfindən göstərilə biləcək dəstək istiqamətləri, birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması, fəaliyyətin çevikliyini təmin etmək üçün zona koordinasiya qruplarının yaradılması, gənclərin QHT-lərdə fəallığının artırılması, mövcud istiqamətdə qanunvericilik bazası və s. məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə