"İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" sərgisi təşkil olunub
Bu gün Muzey Mərkəzində Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi çərçivəsində təqdim olunmuş işlərin sərgisi təşkil olunub. SİA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının rəhbərləri, eləcə də MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri iştirak ediblər.
Müsabiqənin əsas məqsədi - memarlığın inkişafı və həyata keçirilməsi üçün yeni ideyaların aşkara çıxarılması, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.
Müsabiqə "ictimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "həyata keçirilmiş ən yaxşı interyer", "həyata keçirilməmiş ən yaxşı layihə", "binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyalarında keçirilir.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək sözügedən müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, bu memarlıq sərgisinin ikinci dəfə Azərbaycanda keçirilməsi olduqca gözəl hadisədir.
Nəzərinizə çatdıraq ki, mükafat fondu 52 min 500 manat təşkil edən müsabiqənin nəticələri oktyabrın 9-da elan ediləcək.
Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, eləcə də I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri Tomas Voiner rəhbərlik edir. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə müsabiqənin münsiflər heyətinin üzvlərini təşkil edəcək.
Qeyd edək ki, müsabiqənin yekununda isə təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB