Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kənd mərkəzində xalq yaradıcılığı günü keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov çıxış edərək Azərbaycan mədəniyyətinin inkişafında və təşəkkül tapmasında müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin böyük xidmətlər göstərdiyini, xalqımızın malik olduğu milli mənəvi dəyərlərə daim həssaslıqla yanaşdığını bildirdi.

Qeyd edildi ki, Ulu Öndərin bu istiqamətdə həyata keçirdiyi siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət və turizm sahələrinə dair 250-dən çox fərman və sərəncamların imzalanması bunun bariz göstəricisidir.
Həsən Kərimov bu gün muxtar respublikanın yeni yaradılan rayonlarından biri kimi Kəngərli rayonunda da mədəniyyətin və incəsənətin inkişafına diqqət və qayğı göstərildiyini bildirdi.
Qeyd edildi ki, son illər rayonda mədəniyyət müəssisələri, uşaq musiqi məktəbləri, kitabxanalar üçün yeni binalar tikilib istifadəyə verilib, tarix və mədəniyyət abidələri təmir və bərpa olunub. Bu gün Kəngərli rayonu mədəniyyətimizin inkişafına öz töhfəsini verir. Rayonda fəaliyyət göstərən folklor kollektivləri öz repertuarlarını ayrı-ayrı folklor nümunələri ilə zənginləşdirir. Keçirilən tədbirlərdə rayon mədəniyyət evinin uşaqlardan ibarət yallı qrupu, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin "Sazçalan qızlar" ansamblı və qızlardan ibarət "Gülümhey" folklor qrupu fəal iştirak edir.
Vurğulandı ki, bu gün keçirilən Xalq yaradıcılığı günü mədəniyyətimizin təbliği baxımından əhəmiyyət kəsb etməklə yanaşı, həm də Kəngərli rayonunun bu sahədə imkanlarının nümayiş etdirilməsinə şərait yaradır.

Sonra konsert proqramı oldu.
Kəngərli Rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvlərinin ifasında xalq və bəstəkar mahnıları, Naxçıvan Dövlət Filarmoniyasının rəqqaslarının ifasında milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB