"Azərbaycan" nəşrinin yeni nömrəsi

"Azərbaycan" nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin aylıq bədii orqanı olan "Azərbaycan" jurnalının 2015-ci ildə yeni, 9-cu nömrəsi dərc olunub. SİA-nın məlumatına görə, jurnalın "Poeziya" rubrikasında mərhum şair Adil Mirseyidin şeirləri dərc edilib. "Yeni tərcümələr" rubrikasında Həyat Şəminin tərcüməsində XIX əsr rus poeziyasının görkəmli nümayəndəsi Afanasi Afanasiyeviçin şeirləri yer alıb. Jurnalın "Nəsr" bölməsində isə gənc, istedadlı yazarlar- Vüsal Nurunun "Dorantağ" romanı və Afaq Şıxlının "Hardasa bir kənd vardı…" hekayəsi oxuculara təqdim olunub.

"Axtarışlar, tapıntılar" rubrikasında XX əsrin böyük şairi Səməd Vurğuna qardaşı Mehdixan Vəkilovun vaxtilə yazdığı məktub dərc olunub.

Jurnalda dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına Aydın Talıbzadənin həsr etdiyi "Ulduzlar məclisinin sahibi" elmi-publisist araşdırması və Xalq Şairi Nigar Rəfibəyli haqqında Səxavət Tağıların yazdığı "Hərdən gülüşlərin düşür yadıma…" adlı publisist yazısı dərc olunub.

Nəşrdə həmçinin tanınmış qələm adamları- Etibar Etibarlının "Nə var, nə yox, poeziya?" və Asif Rüstəmlinin "Tacik milli mətbuatının Azərbaycanlı banisi" və digər elmi məqalələri yer alıb.

Qeyd edək ki, jurnalın redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə