"Top Resa 2015" öz işinə başlayıb FOTOLAR

"Top Resa 2015" öz işinə başlayıb FOTOLAR

Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisi öz işinə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi bu sərgidə təmsil edir. Bununla yanaşı, sərgidə "Geo Travel", "Gilan Travel", "SW travel" turizm şirkətləri iştirak edir.

Beynəlxalq sərgidə qurulmuş Azərbaycanın milli stendində mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin turizm imkanları haqqında fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunmuş, ziyarətçilərlə işgüzar görüşlər keçirilmiş və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.

Sərgi zamanı ölkəmizin stendini Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri cənab Elçin Əmirbəyov və Fransanın turizm naziri cənab Matthias Fekl ziyarət edib. Bununla yanaşı, Fransanın Turizm Agentliklərinin Milli Assosiasiyasının (SNAV) prezidenti cənab Jean Pierre Mas ilə mədəniyyət və turizm nazirinin müavini cənab Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin üzvü Şirzad Əfəndiyev arasında görüş keçirilmiş, əməkdaşlıq haqqında sənədin Bakı şəhərində imzalanması barədə razılıq əldə olunub. Eləcə də, Fransanın tanınmış "Alesta voyage" şirkəti ilə Azərbaycanın "Silk Way" şirkəti arasında ölkəmizə turistlərin cəlb edilməsi ilə bağlı Anlaşma memorandumu imzalanıb.

Bununla yanaşı, cari ilin sentyabr ayında "Challenge Turizm Assosiasiyası"nın üzvləri üçün Bakı şəhərində təşkil olunan işgüzar səfərin təəssüratları və nəticələri barədə, Assosiasiyanın prezidenti cənab Lucien Saleminin başçılıq etdiyi nümayəndə heyəti ilə Nazir müavini Nazim Səmədov arasında görüş keçirilib. Daha sonra, "Euronews" telekanalı, "Air France", "SNCF Voyages" şirkətləri, "Atout France" Təşkilatı, Fransa Turizm Menecerlərinin Assosiasiyası (AFTM), Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) nümayəndələri ilə görüş keçirilmiş və gələcəkdə görüləcək işlər barədə müzakirələr aparılıb.

Həmçinin Azərbaycanda 2-3 ulduzlu brend otellərin tikilməsi məqsədilə özündə "Novotel", "İbis" və digər bu kimi oteləri birləşdirən "Accor" mehmanxanalar şəbəkəsinin İnkişaf departamentinin baş direktoru Gauran Bhushan ilə görüş keçirilmiş və cari ilin sonunda Bakıda yerli sahibkarlar üçün geniş təqdimatın keçirilməsi haqqında razılıq əldə olunub.

Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən təklif edilmiş və Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında qəbul edilib "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi sayəsində, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun "Top Resa 2015" beynəlxalq sərgisində təbliğinin qarşısı uğurla alınıb.

Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin, milli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edirlər. Bu il "Top Resa 2015" beynəlxalq sərgisində 160 ölkənin 365 stendi qurulub.

Sərgi oktyabrın 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə