Mədəniyyət və Turizm Nazirliyində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater ilə görüşlər keçirilib. SİA-ının məlumatına görə, nazirlikdə ilk görüş Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə keçirilib. Mədəniyyət sahəsində bir çox istiqamətlərə dair əməkdaşlıq imkanları görüş çərçivəsində müzakirə olunub. Cənab Gater Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən cari ilin 16 aprel tarixində Bakı Müasir İncəsənət Muzeyində dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin anma mərasiminin keçirildiyini bildirib. Həmçinin səfirlik tərəfindən kolumbiyalı yazıçıların bir neçə poemasının Azərbaycan dilinə tərcümə edildiyi qeyd edilib. Bununla bağlı cənab nazir Azərbaycan Milli Kitabxanasında poemaların tərcüməsi hazır olandan sonra təqdimat mərasiminin keçirilməsini təklif etmişdir.
Cənab nazir həmçinin ölkələrimiz arasında kinofilmlərin mübadiləsi təklifini irəli sürüb. Təklifə müvafiq olaraq ispan dilində dublyaj olunmuş on Azərbaycan filminin Kolumbiyada göstərilməsi və Azərbaycan dilində dublyaj olunmuş on Kolumbiya filminin Azərbaycanda göstərilməsi müzakirə olunub.
Cənab nazir həmçinin cari ilin 12-17 sentyabr tarixlərində Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci sessiyasında nazirlikdən nazir müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyətinin iştirak edəcəyini bildirib.
Daha sonra cənab Gater nazir müavini Nazim Səmədovla da görüş keçirmişdir. Görüşün əsas mövzusu turizm sahəsində əməkdaşlıq imkanlarının inkişafı və BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasında əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq görüşlərin keçirilməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB