371 şirkət “AİTF 2015” sərgisində iştirak edəcək

371 şirkət “AİTF 2015” sərgisində iştirak edəcək

Bu gün XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər XIX Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün Avadanlıq və Ləvazimatlar və II Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgilərinin açılışına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda mədəniyyət və turizm nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev, İtesa Kaspian şirkətinin direktoru Fərid Məmmədov, AİTF və HOREX sərgilərinin meneceri Xəyal Əliyeva, media nümayəndələri və başqaları iştirak ediblər.

Konfransda İtesa Kaspian şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, 2-4 aprel tarixində Bakı şəhərində XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək: "Artıq 14 ildir ki, "AİTF" sərgisi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması olaraq regionda liderdir. Yaya turizm mövsümü astanasında "AİTF" sərgisi 3 gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirərək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirəcək. Dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət "AİTF 2015" sərgisi çərçivəsində 80-ə qədər turizm istiqamətini təqdim edəcək. İlk dəfə olaraq bu sərgidə İran da iştirak edəcək. Milli stendlər arasında debütant ölkə Maldiv adalarıdır. Qeyd olunan sərgi çərçivəsində Azərbaycanın turizm potensiallı bölgələrinin pavilyonları quraşdırılacaq, rayon və şəhərlər müvafiq stendlərlə təmsil olunacaq. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsinin stendi də Nazirlik tərəfindən hazırlanaraq ziyarətçilərin diqqətinə təqdim olunacaq. Qarabağ pavilyonunda Şuşa, Ağdam, Füzuli və Bərdə rayonları təmsil olunacaq".

İtesa Kaspian şirkətinin direktoru Fərid Məmmədov onu da diqqətə çatdırıb ki, "Tibbi turizm" təmayülünü təmsil edən iştirakçıların sayı da nəzərəçarpacaq dərəcədə artıb: "Bu il Azərbaycan, Almaniya, Çexiya, Yunanıstan, İsrail, Litva, Sloveniya, Slovakiya, Macarıstan və Türkiyəni təmsil edən 36 şirkəti, tibb mərkəzləri, eləcə də ən son nailiyyətləri təmsil edirlər". Yenicə təsis edilmiş Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyası (ASTTDA) ilk dəfə olaraq öz stendində Azərbaycanın "Chinar SPA Naftalan", "Duzdaq Otel" və "Naftalan Hotel by Rixos" sağlamlıq mərkəzlərini təqdim edir".

Daha sonra mədəniyyət və turizm nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev çıxışında bildirib ki, Azərbaycan turizm ölkəsi kimi artıq özünü dünyaya tanıdır: "Sevindirici haldır ki, Azərbaycan Beynəlxalq Turizm Sərgilərində uğurla iştirak edir. Ölkəmiz xaricdə təmsil olunan zaman bizim pavilyona kifayət qədər insan yaxınlaşıb Azərbaycan turizmi haqqında ətraflı öyrənirlər. Bu inkişaf yenə də davam etdiriləcək. 2014-cü ildə sözügedən sərgidə yalnız peşəkarların sayı 6000-dən çox idi. Düşünürəm ki, bu da müsbət göstəricidir".

Nəzərinizə çatdıraq ki, sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, aprel ayının 2-dən 4-dək "Bakı Ekspo Mərkəzində" 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AİTF-2015) keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə