Bakıda orta məktəblərdən birində bədən tərbiyəsi müəllimi 7-ci sinif şagirdini maşınına tüpürdüyünə görə rezin su borusu ilə döyüb. Bu hadisə müəllimin işdən kənarlaşdırılması ilə başa çatıb. Bəs bu cür neqativ halların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Millət vəkili Kamilə Əliyeva söyləyib: "Təhsil müəssiəsələrində belə hadisələrin baş verməsi olduqca yanlışdır. Ancaq hadisə danılmadan məktəb direktoru tərəfindən həmin müəllimin işdən uzaqlaşdırılması haqqında tədbirlərin görülməsi sevindirici haldır. Təəssüflər olsun ki, nadir hallarda olsa da məktəblərdə bu cür müəllimlərə rast gəlmək olur. Hesab edirəm ki, bu cür nöqsanların baş verməməsi üçün ilk növbədə orta məktəb müəllimlərini işə götürməzdən əvvəl onların psixoloji durumları yoxlanılmalıdır. Çünki orta məktəb müəllimləri azyaşlı uşaqlarla daim təmasda olur. Hesab edirəm ki, heç bir normal insan şagirdlə belə rəftar etməz. Ümid edirəm ki, aidiyyatı qurumlar bu insan haqda düzgün nəticələr çıxaracaq. Orta məktəb müəllimlərini işə götürərkən onların psixoloji vəziyyəti də nəzərə alınmalıdır".

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov: "Təəssüf ki, son günlər bəzi məktəblərdə mənfi hallar baş verir. Bunlar əsasən şagirdlərin müəllimlər tərəfindən döyülməsidir. İlk növbədə söyləmək istəyirəm ki, müəllimlərin şagirdlərə hər hansı səbəblərə görə əl qaldırması yol verilməzdir. Cəmiyyətdə aqresiyanın baş alması xeyli artıb. Bunların qarşısının alınması üçün ilk növbədə Təhsil Nazirliyinin öhdəliyinə ciddi işlər düşür. Məktəblərdə müəllimlər arasında maarifləndirici işlər aparılmalıdır. Onlara qanunvericiliyin tələbləri izah olunmalıdır. Onu da deyim ki, müəllimlərin aqresiv hərəkət etməsində uşaqların da rolu var. Çünki dərs zamanı şagirdlərin nadinc hərəkətlərə yol verməsi müəllimlərin əsəbinə səbəb olur ki, sonda da müəllimi belə hərəkət etməyə təhrik edirlər. Valideynlərin də öhdəsinə böyük məsuliyyət düşür ki, övladlarını düzgün tərbiyələndirsinlər. Bildiyiniz kimi müəllim hər zaman bizim üçün müqəddəs varlıq hesab edilir. Onların da belə hərəkətlərə yol verməsi qəbuledilməzdir".

Psixoloq Təhminə Çələbi: "Hesab edirəm ki, məktəblərdə psixoloqlar fəaliyyə göstərməli və bu işi öz öhdələrinə götürməlidirlər. Çünki məktəb psixoloqunun vəzifələrindən biri odur ki, müəllim-şagird, şagird-şagird, pedaqoqlar arasında olan konfliktlərin yaranmaması üçün səy göstərməlidir. Əgər baş verirsə psixoloq araya girib problemin səbəbini ortaya qoyub, onu həll etməlidir. Bəzi özəl məktəbləri çıxmaq şərti ilə əksər məktəblərdə təəssüf ki, psixoloqlar yoxdur. Ümumiyyətlə müəllimlər bilməlidirlər ki, yeniyetməlik yaş dövründə olan uşaqlara qarşı daha diqqətli olmalıdır. Çünki onlarda şəxsiyyətləri inkişaf edir. Əslində müəllimlər hər yaş həddi olan şagirdlərlə necə rəftar etmək lazım olduğunu bilməlidirlərdır. Bu baxımdan günahı pedaqoqlarda görürəm. Çünki əgər uşaq çətin tərbiyə olunursa o zaman həmin uşaq məktəbdə təhsil almamalıdır. Onu da deyim ki, məktəbə uşaq götürülürsə yenə də direktordan əvvəl psixoloq həmin şagirdlərlə müəyyən testləşdirmə aparır. Bununla da əgər həmin uşaq çətin tərbiyə olunandırsa o zaman o, təhsil ala bilməz. Əgər uşaqda heç bir problem yoxdursa, onda günah müəllimdədir ki, şagirdə fərdi yanaşmayıb, profilaktik tədbirlər görməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB