Türkiyəli qonaqlar Milli Kitabxana ilə yaxından tanış olublar

Bu gün Türkiyənin "Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi"nin (İLESAM) baş direktoru Mehmet Nuri Parmaksızın rəhbərlik etdiyi nümayəndə heyəti M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla görüşüb. Milli Kitabxanadan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda elm və ədəbiyyat sahəsindəki mövcud vəziyyət, əsasən də respublikamızda müəlliflik hüquqlarının qorunması və onun hüquqi tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nuri Parmaksız Türkiyədə nəşr edilmiş kitablara vahid beynəlxalq standart kitab nömrəsini (İSBN) verən təşkilatın büro üzvü olduğuna görə bu işin Azərbaycanda təşkilinin vəziyyəti ilə də maraqlanıb. Qonaq Azərbaycanda nəşr edilmiş bir neçə kitabla tanış olub və təəssüf hissi ilə qeyd etdi ki, Azərbaycanda nəşr edilən kitabların əksəriyyətinin beynəlxalq standart nömrəsi (İSBN) yoxdur.

Qeyd edilən problemin prioritet məsələlərdən biri olduğunu qonağın diqqətinə çatdıran Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, bu məsələ Mədəniyyət və Turizm Nazirliyinin diqqət mərkəzindədir.

Vurğulanıb ki, nazirlik tərəfindən "Kitabxana işi haqqında" Qanuna bəzi dəyişikliklərin edilməsi və respublika ərazisində nəşr olunan bütün çap məhsullarının məcburi nüsxəsinin Milli Kitabxanaya verilməsi məsələsinə yenidən baxılması ilə bağlı Milli Məclisə müraciət edilib. Bununla yanaşı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə ölkə ərazisində nəşr edilən bütün kitablara beynəlxalq standart kitab nömrəsinin (İSBN) verilməsi işinin Milli Kitabxana tərəfindən həyata keçirilməsi ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib. Çünki hazırda bu iş özəl qurum tərəfindən həyata keçirilir və ona görə də demək olar ki, çap edilən kitabların sadəcə 20 faizi bu beynəlxalq kitab nömrəsini alır. Əgər bu iş Milli Kitabxanaya həvalə olunarsa respublika ərazisində çap edilən bütün kitablar həm Azərbaycan kitabının milli arxivinə daxil olar, həm də Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, iqtisadiyyatına dair dəyərli mənbələrin, tarixi faktların gələcək nəsillərə ötürülməsi təmin edilər.

Qonaqlar həmçinin Azərbaycanlı yazıçıları, şairlər barədə də maraqlanıblar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Qonaqlar Milli Kitabxana ilə yaxından tanış olub və xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə