Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "İçərişəhər" DTMQİ-nın rəisi Samir Nuriyev 2014-cü ildə idarənin əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, "İçərişəhər" və "Qala" qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışıb. Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan idarə rəisi bildirib ki, ötən ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiyası işləri və turistlərin cəlb edilməsi idarənin əsas prioritetləri olub.
2014-cü ilin əvvəlində Qız qalasında və Şirvanşahlar Sarayı Kompleksində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyalarının yaradılması xüsusi olaraq diqqətə çatdırılıb, onların ziyarətçilər tərəfindən böyük maraqla qarşılanması qeyd edilib.
İclasda "İçərişəhər" DTMQİ-nin 2014-cü ildəki uğurlarından bəhs edilib, "Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə" nominasiyasında "Milli irs 2014" və Qız qalası abidəsinin "TripAdvisor"un "Certificate of Excellence 2014" ("Mükəmməllik Sertifikatı 2014") mükafatına layiq görülməsi xüsusi vurğulanıb.
Daha sonra idarənin bir sıra rəhbər şəxsləri hesabatla çıxış edərək müvafiq sahələr üzrə 2014-cü ildə görülmüş işlərdən danışıblar.
Qeyd edək ki, iclasın sonunda "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2015-ci il, habelə növbəti illər üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edilib, idarənin qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB