Azərbaycan dünyanın aparıcı biznes turizm jurnalında

Azərbaycan dünyanın aparıcı biznes turizm jurnalında

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəmizin dünya turizm bazarında inkişaf edən bir biznes turizm məkanı kimi tanıdılması yolunda daha bir mühim nailiyyətə imza atıb. SİA-nın verdiyi məlumata görə, Avropanın səyahət və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşrlərindən biri olan ICJ MICE jurnalının qış sayında Azərbaycan və ölkəmizin turizm bazarı haqqında məqalə dərc olunub.

Almaniyada nəşr olunan jurnal oxucularını ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edib və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün səmərəli və dinamik inkişaf edən məkan kimi təqdim edib.

Ölkənin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində imkanlarını vurğulayan məqalədə həmçinin müxtəlif görüş və iclasların keçirilməsi üçün əlverişli təsisləri olan dəbdəbəli Kempinski Hotel Badamdar, Hyatt Regency Baku, Four Seasons Hotel Baku, JW Marriott Absheron Hotel, Jumeirah Bilgah Beach Hotel və Hilton Baku kimi beynəlxalq mehmanxana zəncirlərindən bəhs edib.

Jurnal eyni zamanda Bakının heyranedici mənzərələrindən, YUNESCO-nun dünya irs siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, orta əsr şərq memarlığının şah əsəri sayılan Şirvanşahlar Sarayı Kompleksi, Zaha Hadidin dizaynı əsasında inşa edilmiş möhtəşəm Heydər Əliyev Mərkəzi, şəhərin müasir simvollarından birinə çevrilmiş Alov Qüllələri və digər tarixi abidə və möhtəşəm məkanlarından bəhs edib.

İldə iki dəfə 17,000 nüsxə ilə çap olunan jurnal aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat şirkətləri və turizm sahəsində fəaliyyət göstərən bir çox digər şirkət və firmalar ilə əməkdaşlıq edir. Alman dilində çap olunan jurnal Almaniya, Avstriya və İsveçrədə yayımlanır.
Azərbaycanda işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan və 2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosu ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq arenada tanıdılması istiqamətində çalışır.

ICJ MİCE jurnalında dərc edilən "Odlar Yurdunda MICE" adlı hesabatla tanış olmaq üçün link üzrə keçid alın:http://icj-mm.de/pageflips/icj0214/#/98/

Bütün xəbərlər Facebook səhifəmizdə