Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü Ağsuda təntənəli surətdə qeyd olunub. SİA-nın verdiyi məlumata görə, rayonun rəhbər işçilərinin, ziyalıların, ağsaqqalların və gənclərin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül-çiçək qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Rayon mədəniyyət sarayında keçirilən təntənəli yığıncaqda qeyd olunub ki, ötən əsrin sonlarında SSRİ-nin süqutu nəticəsində yaranan əlverişli tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin yekdilliklə qəbul etdiyi "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının tarixi əhəmiyyətindən bəhs edən natiqlər o vaxt yaşanan ağır şəraitin doğurduğu təhlükələr barədə danışıblar. Bildirilib ki, xalqımız dağılmaqda olan sovet imperiyasının havadarlıq etdiyi erməni təcavüzkarlarına qarşı ölüm-dirim savaşında idi. Törədilən təxribatlar ölkəni vətəndaş qarşıdurması həddinə çatdırmışdı. Bu gərginlik Ulu Öndər, zəngin dövlətçilik təcrübəsinə malik olan, görkəmli siyasi xadim Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişinədək davam etdi. Məhz Ulu Öndərin müdrik rəhbərliyi sayəsində müstəqilliyimiz qorunub saxlanıldı, Azərbaycan inkişaf yoluna çıxarıldı və suveren bir dövlət kimi dünya birliyində özünə layiqli yer tutdu.
İftixar hissi ilə vurğulanıb ki, bu gün Azərbaycan Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki regionun, hətta dünyanın ən sürətlə inkişaf edən, müstəqil daxili və xarici siyasəti ilə tanınan ölkəsinə çevrilib.
Qeyd edək ki, təntənəli yığıncağın sonunda rayon musiqiçilərinin ifalarından ibarət olan bayram konserti təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB