“Ümumi Mədəni İrs Şəhərləri”

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində Azərbaycanda 3 günlük beynəlxalq seminar öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Qazaxıstan, Türkiyə və Özbəkistandan olan ekspertlər, turizm şirkətləri və media təmsilçiləri ilə yanaşı, Azərbaycanın dövlət və özəl qurumlarının nümayəndələri, həmçinin, müvafiq sahələri təmsil edən ekspert, alim, tələbə və yerli kütləvi informasiya vasitələri iştirak ediblər. Seminarın açılış mərasimində layihə haqqında geniş məlumat verilib, həmçinin bu ölkələrin arxeolji-turizm potensialı və layihə çərçivəsində araşdırmaların nəticələri haqqında təqdimatlar edilib. Seminar çərçivəsində bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, İslam mədəniyyətinin əhəmiyyəti, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, çoxtərəfli əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunub.

Qeyd edək ki, mərasimin 3-cü günündə tədbir iştirakçılarının Şamaxı və Ağsu rayonlarına səfəri planlaşdırılır. Səfər zamanı bu bölgələrin arxeolji və turizm potensialı barədə məlumatlar veriləcək, "Ağsu" arxeolji-turizm kompleksində təşkil olunacaq yekun iclasda yaradılacaq yeni birgə turizm məhsulu üzrə razılaşma əldə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...