Ənvər Məmmədxanlının anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ənvər Məmmədxanlının anadan olmasının 101-ci ildönümü qeyd edilib

Göyçayda xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 101-ci ildönümü qeyd edilib. SİA-nın məlumatına görə, mərkəzi rayon kitabxanasında keçirilən tədbirdə mədəniyyət və təhsil işçiləri, kitabxananın əməkdaşları, ziyalılar, müəllimlər və fəal oxucular iştirak ediblər.

Çıxış edənlər istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının yaradıcılığından və kəşməkəşli həyat yolundan söhbət açıblar. Bildirilib ki, 1913-cü il fevralın 29-da Göyçay şəhərində anadan olan, təhsilini Bakıda və Rusiyada davam etdirən Ənvər Məmmədxanlının yaradıcılığı bədii ədəbiyyatımızın zənginləşməsində böyük rol oynayıb.

Tədbirdə görkəmli yazıçının ana dilinə həssas yanaşması diqqətə çatdırılmış və "Bakı gecələri" povestinin müzakirəsi təşkil edilmiş, geniş fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, "Bakı gecələri" ədəbiyyatımızda lirik üslubda yazılmış ən gözəl əsərlərdən biridir. Vurğulanıb ki, əyalətdən paytaxta, böyük arzular və ümidlərlə gəlmiş gəncin duyğuları o qədər zərif, incə və axıcı bir dillə təsvir olunur ki, insan hekayəni oxuyanda reallığı unudur.

Qeyd edək ki, tədbirdə, həmçinin "Şərqin səhəri", "Od içində" pyesləri və "Şirvan gözəli" lirik komediyasının müəllifi olan Ənvər Məmmədxanlının kitablarından, onun haqqında yazılmış ədəbi materiallardan ibarət sərgi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə