“Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi” FOTOLAR

“Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi” FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı bədii tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Cəmilə Həsənzadə, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey və Azərbaycanın ali məktəblərində təhsil alan Çin tələbələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan və Çin arasındakı mədəni əlaqələrin tarixindən, hər iki ölkənin tanınmış rəssamlarının qarşılıqlı sərgilərinin təşkil olunduğunu bildirib: "Nümayiş olunan şəkillərdə Shanshui ("Dağlar və Su") janrında çəkilmiş Çin mənzərə rəsmləri və Azərbaycanın müasir milli təsviri incəsənətinin banisi Hüseyn Əliyevin yaradıcılığında əsas yer tutan dağlar, ağaclar, çayların təsviri tematikasını müqayisə edərək hər iki əsərlərdə dərin fəlsəfi düşüncələrin əks olunur".

Azərbaycanın bədii yaradıcılığı, incəsənəti və mifologiyasında xüsusi yer tutmuş "əjdaha" naxışları ilə işlənmiş XVI-XVIII əsrlərin özünəməxsus Azərbaycan xalçalarının yaranma tarixindən danışan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının kompozisiya və koloritli xüsusiyyətləri haqda məlumat verib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Cəmilə Həsənzadə məruzəsində öz tədqiqatlarının nəticəsi olaraq Çin rəsm əsərlərinin üsullarından geniş istifadə edən Təbriz miniatür məktəbinin görkəmli rəssamlarının yaradıcılığından bəhs edib.

ADU-nun Regionşünalsıq və Beynalxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının müəllimləri və həmin ixtisasda təhsil alan tələbələr Çin rəsm tarixindən və onun əsas janrları və üslubları "Gohua" və "U-sin", o cümlədən məşhur Çin heykəltəraşlıq işləri, Pekində Nizami Gəncəvinin abidəsinin müəllifi - Yuan Sikun haqqında məruzə ediblər.

Qeyd edək ki, sonda Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış "İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı" adlı kitabı qonaqlara hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə