İçərişəhərdə keçirilən I Beynəlxalq Novruz festivalı başa çatıb

İçərişəhərdə keçirilən I Beynəlxalq Novruz festivalı başa çatıb

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə keçirilən I Beynəlxalq Novruz festivalı başa çatıb. SİA-nın məlumatına görə, martın 20-də başlamış festival dörd gün davam edib. Qoşa Qala Qapısı qarşısında təşkil olunmuş "Meydan bazarı"na şəhər sakinləri ilə yanaşı, paytaxtımızın çoxsaylı qonaqları da təşrif buyurublar. Burada müxtəlif ölkələrin mədəniyyətini əks etdirən videofilmlər, milli tətbiqi sənət nümunələri və suvenirlər sərgilənib. Həmçinin pəhləvanlar, kəndirbazlar və sehrbazlar məharətlərini göstərmiş, uşaq teatrının aktyorlarıi, bədii və tarixi personajlar, bayramın əsas qəhrəmanları olan Kosa və Keçəl insanların bayram əhval-ruhiyyəsini daha da yüksəldiblər.

Rəngarəng konsert proqramında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndirilmiş, Əliağa Vahid meydanında pantomim ustaları çıxış ediblər.
Bayram tədbirləri çərçivəsində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Nağıl şəhərciyi" adlı Novruz şənliyi keçirilmişdir. Bu məkanda da rəngarəng konsert proqramı təşkil edilmiş, uşaqlara nağıl qəhrəmanları ilə canlı ünsiyyətdə olmaq imkanı yaradılıb.
Qonaqlar Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması prosesini, xınayaxdı mərasimini yaxından izləmiş, xalça ustalarının neçə işlədiklərini seyr ediblər.
Novruz bayramı günlərində qədim İçərişəhərdə təşkil olunmuş I Beynəlxalq Novruz festivalı tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib.

Qeyd edək ki, I Beynəlxalq Novruz festivalı "Nar Mobile", "Paşabank" və "A+A Events" şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə