Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi keçiriləcək

Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi keçiriləcək

Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisinın açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq rəssamı Cəmil Müfidzadənin "Cizgilərə hopan ömür" adlı 80 illik yubiley sərgisi keçiriləcək. Sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, C.Müfidzadə 1934-cü ildə anadan olub. İxtisas təhsilini əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəb"ində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda almışdır. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Milli təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə respublikanın əməkdar (1982) və xalq rəssamı (2002) fəxri adlarına layiq görülüb. Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub, xaricdə 10-dan çox fərdi sərgisi keçirilib. Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır. "İçərişəhər", "Abşeron nefti", "Bakı neft paytaxtı", "Buhenvald", "Xınalıq", "Monqolustan torpağında", "Misir təəssüratları" və s. silsilə əsərləri xüsusilə məşhurdur. Xüsusilə məşhur "İçərişəhər" silsiləsi onun bədii kəşflərinin debütü olub. Fərdi yaradıcılıq vasitələri ilə seçilən cizgilər bu silsilədən əsərlərin bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir.
Cəmil Müfidzadə yaradıcılığında özünəməxsusluq, milli-mənəvi dəyərlər çox qabarıqdır. Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərindəki hərtərəfli ümumiləşdirmələr miniatür sənət ənənələri ilə həmahəngdir.
Hazırda yaradıcılıq axtarışlarını davam etdirməklə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika kafedrasında müəllim kimi fəaliyyət göstərərək, gənc rəssamlara sənətin sirrlərini aşılamaqla məşğuldur. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

Qeyd edək ki, sərgi 11 mart, saat 17:00-da Rəssamlar İttifaqı, Vəcihə Səmədova adına sərgi salonuda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə