Gənc Tamaşaçılar Teatrından yeniliklər davam edir

Gənc Tamaşaçılar Teatrından yeniliklər davam edir

Maraqlı layihələri, yeni tamaşalar və tədbirləri ilə öz tamaşaçılarını daim sevindirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı gərgin iş şəraitində fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, yanvar ayının ilk günlərindən teatrda beynəlxalq layihə əsasında yeni tamaşanın məşq prosesinə başlanılıb. İngilis dramaturqu, ssenaristi və kinorejissoru, Oskar mükafatçısı Martin Mak Donaxın "Linenin trilogiyası" adlı eyniadlı əsəri əsasında "Konnemarada bir kəllə", "Gözəllik kraliçası", "Yalqız qərb" tamaşalarının hazırlanmasına start verilib. Quruluşçu rejissoru (Yan Vilyem Van Den Boh), tərtibatçı rəssamı (Liza Kuk) və işıq üzrə rəssamı (Maykl Manyon) Böyük Britaniyadan olan tamaşa dünya teatr səhnəsinə inteqrasiya baxımından uğurlu olacağını vəd edir. Azərbaycan teatr məkanında ilk dəfə eyni müəllifin 3 ayrı-ayrı əsərlərinin 1 məkanda nümayişi teatrsevərlərə yeni hədiyyə olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, British Council və Dövlət Gənc Tamaşaçılar teatrının birgə layihəsi olan bu yeni iş "Teatr əməkdaşlığı"na dair müqavilə əsasında reallaşır. Layihədə Böyük Britaniyadan olan teatr mütəxəssisləri ilə bərabər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər.

Qeyd edək ki, yeni layihədə hər üç tamaşanın rejissoru və işıq rəssamları Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarıdır. Tamaşaların təqdimatının mart ayının əvvəllərində Azərbaycan Milli Teatr günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə