Turan Cavidin 90 illiyinə həsr olunmuş “Turan xatirələrdə” adlı yubiley keçirildi

Turan Cavidin 90 illiyinə həsr olunmuş “Turan xatirələrdə” adlı yubiley keçirildi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında Turan Cavid Qadın Mərkəzi İctimai Birliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın böyük romantik şairi, görkəmli dramaturq Hüseyn Cavidin yadigarı, tanınmış ictimai xadim Turan Cavidin anadan olmasının 90 illiyinə həsr olunmuş "Turan xatirələrdə" adlı yubiley keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini Mikayılova Sevinc, "Turan Cavid Qadın Mərkəzi" ictimai birliyinin sədri Sevda Cəfərova, Cavidşünas, professor Cəlal Qasımov, Azərbaycan Dövlət Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, xalq artistiləri Niyaməddin Musayev, Afaq Bəşirqızı, əməkdar artistlər Nuriyyə Hüseynova, Tünzalə Ağayeva, Eyyub Yaqubov, vokalist Ülviyyə Novruzova, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini Mikayılova Sevinc açaraq bu günün mahiyyəti haqqında qonaqları məlumatlandırıb: "Turan Cavidin oktyabr ayında 90 yaşı tamam olur. Turan xanım Azərbaycanın görkəmli filosof-şairi, dramaturq Hüseyn Cavidin yadigarı, bəstəkar Ərtoğrulun bacısıdır. Cavidlər ailəsinin mənəvi yükünü çiyinlərində daşıyan bu qadın üçün oktyabr ayı xüsusi əhəmiyyət kəsb edib. Çünki oktyabr ayının 2-si Turan xanımın özünün, 22-si Ərtoğrulun, 24-ü Hüseyn Cavidin doğum günləri, 16-sı isə Ərtoğrulun vəfatı günüdür. Artıq 10 ildir ki, biz bu önəmli günü onsuz qeyd edirik. Turan Cavid dramaturgiyada yeni məktəb yaradıb və Cavid əlyazmalarını daim qoruyub saxlamağa nail olub. Hüseyn Cavidin adı çəkiləndə təbii ki, həyat yoldaşı Müşkünaz xanımı unutmaq olmaz. Müşkünaz xanım da represiya zamanı çox çətin və ağrılı günlər yaşayıb."

Nəzərinizə çatdıraq ki, Turan Cavid 1953-cü ildən Teatr Muzeyində çalışmış, 1968-ci ildən 1990-cı ilə qədər bu müəssisənin direktoru olub. Onun başçılıq etdiyi illərdə muzeyin fondu teatr tariximizə dair materiallarla daha da zənginləşib, səhnə sənətimizin təbliği yolunda bir sıra işlər görüb.

Turan Cavidin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib. O, həmçinin prezident təqaüdçüsü olub.

Qeyd edək ki, Turan Cavid 2004-cü il sentyabrın 12-si ömrünün 81-ci ilində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə