TRT-nin məşhur qrupu Azərbaycanda geniş konsert proqramı ilə çıxış edib

TRT-nin məşhur qrupu Azərbaycanda geniş konsert proqramı ilə çıxış edib

Mayın 1-də Heydər Əliyev Sarayında Türkiyə Radio-Televiziya Qurumu - TRT-nin məşhur musiqi qrupu "Axşam səfası" adlı geniş konsert proqramı ilə çıxış edib.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə TRT-nin məşhur sənətçiləri ilə yanaşı, Azərbaycan müğənniləri də səhnəyə çıxıblar.

Səhnəyə birinci dəvət olunan Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımovanın ifa etdikləri mahnılar alqışlarla qarşılanıb.

Qardaş Türkiyədə 14 il bundan əvvəl yaradılmış TRT-nin musiqi qrupu Bakıya 40 nəfərlik heyətlə gəlib. Qrupun tərkibində fəaliyyət göstərən bir-birindən gözəl səsə malik solistlərin təqdim etdikləri Azərbaycan və türk mahnıları musiqisevərlərin zövqünü oxşayıb.

Gecədə Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayevanın ifasında səslənən musiqi nömrəsi də böyük marağa səbəb olub.

Konsertdə hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səhnədə quraşdırılmış monitorda Bakının gözəlliyini əks etdirən görüntülər isə paytaxtımızın mədəniyyət mərkəzlərindən birinə çevrildiyini bir daha əyani göstərib.

Fotolar Ceyran Əsgərovaya məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə