Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yerli televiziya kanallarının həmin istiqamətdə yayımladığı telefilmlər ölkənin ictimai-siyasi və mədəni həyatında gündən-günə daha böyük rol oynayır. Bununla əlaqədar Azərbaycan hökuməti milli kino istehsalına, o cümlədən telefilmlərin çəkilişinə diqqəti getdikcə artırır. 2011-ci ildə bu məqsədlə Prezidentin Ehtiyat Fondundan ayrılan 5 milyon manatlıq maliyyə vəsaiti günün aktual mövzularına həsr olunan telefilmlərin çəkilişinə təkan verdi.
Bu sahədə aparılan işlərin əhəmiyyətini və davam etdirilməsinin zəruriliyi nəzərə alaraq prezident İlham Əliyev yenidən kino sahəsinə vəsait ayırdı. Bu səfər ki vəsait isə ötən ildəkindən artıq idi. Belə ki, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 milyon manat vəsait ayrıldı.
Milli teleserialların və telefilmlərin çəkilişi üçün ilk dəfə dövlət büdcəsindən vəsait ayrılanda və həmin maliyyə telekanallar arasında bölünəndə, sözün əsl mənasında, rəqabət başladı. Telekanallar tərəfindən təkliflər səsləndi, ideyalar irəli sürüldü, fikirlər haçalandı... Hətta telekanalların nəzdində serial çəkilişindən ötrü ayrıca studiyalar yaradıldı.
Mənzərəni müşahidə edəndə gerçəkdən adamda elə təəssürat yarandı ki, kinomuzun serial sarıdan bəxti açılacaq. Kəmiyyətlə bərabər keyfiyyət də özünü göstərəcək və milli kinematoqrafiyada həqiqətən canlanma müşahidə olunacaq. Televiziyalarımızda müxtəlif adda seriallar çəkilir. Ancaq etiraf edək ki, yalnız bir ikisinin adını güclə yadımızda saxlaya bilirik...
SİA Azərbaycanda çəkilən teleserialların hansı səviyyədə olmasını və ayrılan vəsaitin yetərli olub- olmayacağı məsələsini araşdırıb.
Milli Televiziya və Radio Şurasına vəsait ayrıldığından ilk olaraq qurumun sədri ilə əlaqə saxladıq.
Şuranın sədri Nuşirəvan Məhərrəmli ilk olaraq onu bildirdi ki, serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdır, çünki dövlət biznesi yox, birbaşa cəmiyyətin maraqlarını ifadə edən serialların ortaya qoyulması üçün vəsait ayırır. Ayrılan vəsait hələlik heç bir telekanala verilməyib, çünki götür- qoy edilir".
Ssenarilərin seçilməsində xüsusi problemlərin olduğunu deyən N. Məhərrəmli: "Təəssüf ki, seriallarda əsas məsələ xəyanət, intiqam və ya iş adamı, onun ətrafında olan kriminal dəstə üzərində qurulur",- deyə fikirlərinə əlavə etdi.
"Dövlət büdcəsindən vəsait ayrılan kanallar gərək bu məsələdə daha fəal olsunlar, özəl kanalların arxasınca getməsinlər"
Şura sədri həmçinin qeyd etdi ki, indiki mərhələdə əvvəlkindən fərqli olaraq serialların keyfiyyətinə önəm veriləcək: "Əvvəlki mərhələ hazırlıq prosesi idi. Bu dəfə daha çox keyfiyyət məsələsinə fikir veriləcək. Adətən bu məsələlər ilə bağlı özəl kanallar daha çox tənqid olunur. Bu kanallar daha çox biznes maraqları üzərində yaranıblar və reklam üzərində qurulublar. Amma dövlət büdcəsindən vəsait ayrılan kanallar gərək bu məsələdə daha fəal olsunlar, özəl kanalların arxasınca getməsinlər".
"Çox təəssüflər olsun ki, uşaqlarımız xarici cizgi filmləri əsasında tərbiyə alırlar"
Televiziya kanallarında uşaqlarla bağlı vəziyyətin elədə ürəkaçan olmadığı məsələsinə də toxunan sədr: "Çox təəssüflər olsun ki, uşaqlarımız xarici cizgi filmləri əsasında tərbiyə alırlar. Bu səbəbdən də Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) cizgi filmlərinin çəkilişi ilə ciddi məşğul olmaq niyyətindədir. Qurum tərəfindən uşaqlarla bağlı cizgi filmlərinin çəkilməsi ciddi şəkildə qaldırılacaq",- deyə əlavə edib.
O, bu məsələ ilə bağlı dövlət başçısına müraciət ünvanlanacağını da istisna etməyib.
Cizgi filmlərinin hazırlanması üçün multiplikatorların azlığı ilə bağlı Məhərrəmli bildirib ki, əgər kadr potensialı yoxdursa, telekanallar onların hazırlanmasına fikir verməlidirlər: "Hər halda milli ruhda cizgi filmlərinin çəkilməsi labüddür. Hər televiziya kanalı ildə bir dəfə cizgi filmi çəksə, 5 ildən sonra bizim 50-yə yaxın cizgi filmimiz olar. Təəssüf ki, televiziya kanalları xaricdən alınan cizgi filmlərini nümayiş etdirməklə işlərini bitmiş hesab edirlər".

Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, dövlət kino sahəsinin inkişafı üçün əlindən gələni edir: "Bu işdə məsuliyyət daha çox Milli Televiziya və Radio Şurasının üzərinizə düşür. Dövlət tərəfindən vəsait ayrılmamışdan əvvəl planlaşdırılmalıdır ki, bu maliyyə normal işə sərf oluna biləcəkmi? Teleserial məsələsi dəbdə olan məsələdir. Serial çəkməmişdən əvvəl ən azı 3 kateqoriya əsas götürülməlidir: yaxşı ssenari; rejissor və aktyor işi..."
Bu sahədə müəyyən çətinliklərin olduğunu deyən komitə sədri: "Seriallara baxan deyiləm. Ancaq vaxtım olanda baxmağa çalışıram. Hiss olunur ki, artıq müəyyən təcrübə əldə olunub. Bundan əlavə, efirlərdə kiçik telefilmlər də göstərilir. Onlar da kifayət qədər maraqlıdır, çünki etnoqrafik məzmunu var",- fikirlərinə əlavə edib.
.jpg)
"Cəmiyyətimizin hansı yaş təbəqəsindən asılı olmayaraq seriallara baxan insanların hər biri özünə nəticə çıxarmalıdır. Bu işdə də həm aktyorun, həm də rejissorun üzərinə böyük məsuliyyət düşür. Təbii ki, bu işlərin hamısını həyata keçirmək də çox çətindir. Lakin inanırıq ki, tez bir zamanda bunların hamısı öz həllini tapacaq", - bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sahibə Qafarova mövzu ilə bağlı fikirlərini bölüşərkən deyib.
Tanınmış kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin mövcud məsələ ilə bağlı fikirləri olduqca maraqlı oldu.

Aydın Kazımzadə: "Azərbaycan teleməkanında nümayiş olunan filmlərin mövzu baxımından yaxşı olanı var. Buna baxmayaraq, onların içərisində çeynənmiş mövzularda var. Pulu almaq xətrinə serialları acı bağırsaq kimi uzatmağa ehtiyac yoxdur. Bu məqsəd güdülməsin. Əvvəllər aktyorlarımız sənət yaradıb sonradan bunun müqabilində pullarını alırdı, ancaq indi tamam əksini olub və ortada da heç nə yoxdur. Xüsusi olaraq deyim ki, bu işdə naşılıq çoxdur. Hamını narahat edən digər məsələ isə musiqinin yerli- yerində verilməməsidir. Bütün danışıqların üstünə musiqi verirlər və heç nə başa düşülmür. Musiqinin də öz yeri var. Buna görə də səs rejissorları çox naşı adamlardır. Hələlik çəkilən seriallardan heç nə hasil olmayıb. Çox bəsit mövzulara müraciət olunur".
Təbii ki, teleserialların səviyyəsini şəhər sakinlərindən soruşmasaq haqsızlıq olardı. Elə bu səbəbdən də izləyicilərin də fikirlərini də öyrəndik. Əksər çoxluq ATV telekanalında gedən "Bacanaqlar" serialını izlədiklərini dedi.
Leyla Mehdiyeva: "Ümumiyyətlə Azərbaycanın efir məkanında göstərilən heç bir teleseriala baxmıram. Çünki aktyor heyəti rollarını süni oynayır. Bununla yanaşı, serialların ssenariləri də çox bəsitdir. Məsləhət görərdim ki, aktyor heyəti təcrübəli olsun ki, rolunu da təbii canlandırsın. Aktyorlar ağlayanda elə bilirəm ki, gülürlər. Ssenarilər real həyatdan götürülsün, çünki insanların diqqətini çəkmək lazımdır".
Ceyhun Rasimoğlu: "Teleserialların içərisində yalnız "Bacanaqlar"ı bəyənirəm. Çünki serialın peşəkar kollektivi var. Bu serial Azərbaycanda çəkilən digər seriallara nümunə olaraq göstərilə bilər. Dövlət tərəfindən seriallara ayrılan maliyyə vəsaiti ölkəmizdə kino sahəsinin inkişafına və onun stimullaşdırılmasına təkan verəcək. Hazırda çəkilən serialların əksəriyyəti təəssüflər olsun ki, real həyatda baş verən obyektiv gerçəklikləri özündə ehtiva etmir".
Elvin Aslanov: "Ancaq türk seriallarına baxıram. Çünki onlar daha təbii çəkirlər. Biz də isə hər şey çox süni alınır".
Cabir Məmmədov: "Azərbaycan seriallarının heç birinə baxmıram. Aktyor, ssenari, rejissor işi aşağı səviyyədədir. Peşəkar kadrlar olsa yaxşı olmalıdır. Bütün yaradıcı heyət zəifdir. Azərbaycanda peşəkar kadrlar kifayət qədərdir. Təbii ki, onlara müraciət olunmalıdır. Yaxşı ssenarilərə müraciət etmirlər. Türk seriallarına oxşamaq istəyirlər, lakin bu cəhdləri uğursuz alınır. Gözəl əsərlərimiz var, onlara müraciət edilsin. İnanıram ki, bir neçə ildən sonra Azərbaycanda dünya səviyyəli seriallar çəkiləcək, hansı ki bunu xaricə satmaq olacaq".
Turqan Eldaroğlu: "Pərvanələrin rəqsi" və "Son hədd" telesrialına baxıram. Çünki aktyorlar öz rollarını təbii oynayırlar. Kriminal janrında olan "Son hədd"i də bəyənirəm. Digər seriallardakı mövzular isə şablondur. Ayrılan vəsaitə görə də keyfiyyətli iş ortaya çıxarsınlar".
Günay İsmayılova: Seriallar arasında tək izlədiyim "Sonun Başlanğıcı"-dır. Bu serialda rejissor işini yüksək qiymətləndirirəm. Məncə, pis alınır demək yerinə, gənc rejissorlara stimul vermək lazımdır.
Real mənzərə göz qabağındadır. Bunun üçün elə telekanallarda nümayiş olunan teleserialların çox yox, cəmi bir bölümünü izləmək kifayətdir. Onların bəziləri telekanalların öz studiyaları, bəziləri isə prodüsser mərkəzləri tərəfindən çəkilib. Amma göründüyü kimi, gündə bir studiya və ya prodakşn yaratmaq hələ nəticə deyil. Haradansa icarəyə kamera, ofis və ya hansısa avadanlığı götürüb film və ya serial çəkmək olar, bir şərtlə ki, sonda nəticə olsun. Söhbət isə əlbəttə, yaxşı nəticədən gedir. Yox, əgər nəticə təkcə pul qazanmaqdırsa... Fəaliyyətdə olan hazırkı istehsalçı şirkətlərin çoxunun işi hələlik yalnız bunu deməyə imkan verir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB