Polşa kitabxanalarında saxlanılan nadir əlyazmaların surətləri əldə edilib. Azərbaycanın Polşadakı səfirliyinin köməyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bu ölkənin Varşava, Poznan, Vrotslav, Krakov şəhərlərinin kitabxanalarında saxlanılan bir neçə əlyazmanın surətini əldə edib.
SİA-nın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu əlyazmalar arasında 1689-cu ildə katib Nizaməddin Əhməd tərəfindən köçürülmüş Nizami "Xəmsə"si (1289 səh.) və 1576-cı ildə, şairin ölümündən 20 il sonra köçürülən Füzuli divanı var.
Bura şairin "Nişançı Paşaya məktub" ("Şikayətnamə") nəsr əsəri də əlavə edilib. Füzuli divanının Əlyazmalar İnstitutunda saxlanılan ən qədim nüsxəsi onun ölümündən 16 il sonra köçürülüb. Yeni nüsxənin Bağdadda köçürüldüyü qeyd edilib. Katib adını divanın sonunda sərvi xətti ilə şifrələyib.
Əldə edilən əlyazmalar arasında Saib Təbrizinin gözəl xətlə köçürülən divanı, 1731-ci ildə Dədə Şahidi Müğləvinin "Töhfeyi-Şahidi" lüğəti, Əhmədi ibn Məhəmməd Qəffari Qəzvininin tarixə dair "Cahanarayi-Qəffari" ("Nigaristan") əsəri, Nuri Əmin Əfəndinin 1811-ci ildə qələmə aldığı "Lətaifi-Xaca Nəsrəddin" lətifələr toplusu da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB