Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şərqdə ilk opera yazan qadın bəstəkar, "Şöhrət" ordenli xalq artisti Şəfiqə Axundovanın yaradıcılıq gecəsi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açıq elan edərək, bəstəkarın zəngin həyat və yaradıcılığından söz açaraq bildirib ki, 1924-cü ildə Şəki şəhərində anadan olan Şəfiqə Axundova 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb. Onun zəngin yaradıcılığında mahnılarla yanaşı, irihəcmli əsərlər, simli kvartet üçün pyeslər, operettalar, romanslar, tamaşalara yazılmış musiqilər xüsusi yer tutub.
"Bəstəkarın Azərbaycan görkəmli şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları içərisində "Mehriban olaq" mahnısı nəinki xalq arasında, hətta xarici ölkələrdə də sevilərək dinlənilir",- deyən F.Əlizadə Ş.Axundovanın 1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduğunu qeyd edib.
Xalq şairi Nəriman Həsənzadə, əməkdar incəsənət xadimi Zemfira Qafarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı və digərləri çıxış edərək bəstəkarla bağlı xatirələrini bölüşərək ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Yaradıcılıq gecəsində bəstəkarın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət videoçarx nümayiş olunub.
Konsertdə əməkdar artist Tariyel Abbasovun rəhbərlik etdiyi Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, həmçinin respublikanın tanınmış müğənniləri Şəhla Həmidova, Rövşən Əziz, Tural Salmanov, Eldar Ələkbərovun ifasında bəstəkarın "Çinar və mən", "Nədən oldu", "Mehriban olaq", "Bu torpağa bağlıyam", "Sevilmək üçün gəlmisən", "Neyçin gəlməz", "Dağlar oğlu", "Lay-lay", "Sevgi ölmür" və s. mahnıları səslənib.
Xatırladaq ki, Ş. Axundova 1971-ci ildə yazdığı "Gəlin qayası" operası ilə Şərqdə opera yazan ilk qadın kimi tarixə düşüb. 600-ə yaxın əsərin müəllifi olan bəstəkarın mahnılarında hər zaman musiqi ilə məzmunun vəhdəti duyulur. O, həm də "Leyla", "Bəxtiyar ellər", "Nədən oldu", "Gözlərimin işığı", "Maralım", "Mehriban olaq", "Ayrılıq nəğməsi" mahnılarının, "Ev bizim, sirr bizim" operettasının, "Aydın", "Nə üçün yaşayırsan?", "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. tamaşaların musiqisinin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB