Riqanın məşhur musiqiçisi Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ifa edəcək
Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzi öz səhnəsində Riqanın ən yaxşı musiqiçilərindən birini qəbul edəcək. "Buta" İncəsənət Mərkəzindən SİA-ya verilən məlumat görə, caz və dünya musiqisi ifaçısı İntars Busulis və onun qrupu Bakıda öz akustik proqramı ilə çıxış edəcək. Konsert proqramına dünyaca məşhur musiqi kompozisiyaları, eləcə də müəllif əsərləri daxildir.
Konsert "Buta"İncəsənət Mərkəzinin Latviya respublikasının Azərbaycandakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilir.
Azərbaycan latış musiqiçisinin yaradıcılığı, nailiyyətləri və səhnə xarizması ilə hələ yaxşı tanış olmasa da dünya musiqi səhnəsinin Maestro Raymond Pauls, Brayn Linç, Kris Potter, Erik Mosuxolma və digər bu kimi əfsanələri ilə əməkdaşlığı onun peşəkarlığı və istedadına dəlalət edir. İntars Busulis çoxsaylı müsabiqə və festivalların, o cümlədən Jazz Kaar, Otawa Jazz, Sony Jazz Stage, Pori Jazz, MIDEM mükafatçısıdır. 2005-ci ildə İntars tanınmış "Yeni dalğa" gənc ifaçılar müsabiqəsində Qran-pri mükafatını qazanıb.
İntars Busulisin dinləyici ilə hətta onlar bir-birlərini ilk dəfə görsələr belə ümumi dil tapmaq bacarığı onun bir növ, vizit kartıdır. İntars Busulis öz səmimiliyi, habelə qeyri-adi ifası zamanı tamamilə musiqi aləminə qapılması və eyni zamanda zalda baş verənləri diqqətdən qaçırmamaq bacarığı sayəsində tamaşaçını heç vaxt təəssüratsız buraxmır. Musiqiçi Bakıdakı çıxışının son yox, bu şəhərdə çoxsaylı çıxışlarından biri olacağına ümid edərək onu səbirsizlik və həyəcanla gözləyir.
"Buta" İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev bu tədbiri belə şərh edib: "Mərkəzimizin Latviyanın Azərbaycan respublikasındakı səfirliyi və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkil olunan yeni layihəsi Bakı tamaşaçılarına maraqlı və orijinal konsert proqramı bəxş edəcək. Biz hər belə layihə ilə digər ölkələrlə mədəni əlaqələrimizin möhkəmləndirilməsinə yardım göstərməkdən məmnunuq. Eyni zamanda, bu əməkdaşlığı bundan sonra da davam etdirməyə və gələcəkdə musiqiçilərimizin Baltika ölkələrinə qastrol səfərlərini təşkil etməyə ümid edirik".
Məlumat üçün bildirək ki, "Buta" İncəsənət Mərkəzi 2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış "Buta" İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir, eyni zamanda incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. "Buta" İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini verib-mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə mərkəz 5 illiyini Londonda Azərbaycan incəsənətinin 100 günlük festivalı ilə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB