"Sağlam düşüncə" Gənclər və İdman Nazirliyinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. SİA-nın məlumatına görə, bu gün Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişatı ilə bağlı mətbuat konfransı keçirilib.
Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur. Festivalın devizi kimi Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri seçilib. İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala rayonlarında keçirilən və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb.
Millət vəkili Jalə Əliyeva bildirib ki, festivala iyul ayından etibarən start verilib: "Mübariz İbrahimov Vətən uğrunda canından keçərək şəhidliyə qovuşmaqla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərib. Biz də bunu əbədiləşdirmək, gənclərimizə bir örnək göstərmək məqsədilə belə bir festivalın keçirilməsinə qərar verdik. Bu teatrda peşəkarlar yox, yaradıcı gənclər iştirak edir".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında qeyd edib ki, vətənpərvərlik tərbiyəsinin aparılmasında mədəniyyət və incəsənətin rolu əvəzedilməzdir: "Vətənpərvərlik mövzusu teatrlarda təbliğ olunmalıdır. Ümid edirəm ki, bu festival gənclərin həyatında dərin iz buraxacaq".
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda keçirilən festival dekabrın 1 – də başa çatır.
Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. Festival çərçivəsində ölkədə ilk dəfə Art Kamp keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB