“Şərq Tərəfdaşlığı” ölkələrinin Mədəniyyət Siyasəti Konsepsiyası hazırlanacaq

“Şərq Tərəfdaşlığı” ölkələrinin Mədəniyyət Siyasəti Konsepsiyası hazırlanacaq

Polşada keçirilən Avropa Tərəfdaşlığının Mədəniyyət Konqresi başa çatıb. Konqresdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Səbinə Şıxlinskaya, Bakı Marionet Teatrının direktoru, dizayner Tərlan Qorçu, Milli və Beynəlxalq Tədqiqatlar Müstəqil Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva iştirak edib.


Nazirlikdən SİA-ya verilən məlumata görə, Avropa İttifaqının rəsmiləri, "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin qatıldığı konqresin əsas məramlarından biri də "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində mədəniyyətlərin inteqrasiyasına daha böyük diqqətin ayrılmasından ibarət olub.


Konqres zamanı Yaşar Hüseynli tərəfindən "Şərq Tərəfdaşlığı" proqramının Mədəniyyət Siyasəti Konsepsiyasının hazırlanması təklifi irəli sürülüb. Təkliflə əlaqədar konsepsiya layihəsinin mümkün qədər qısa müddətdə hazırlanması məqsədilə müvafiq işçi qrupun yaradılmasının zəruriliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə