Zakir Əliyev: “Hər yeni mahnı sənətdə irəliyə doğru atılan bir addımdır”- MÜSAHİBƏ (SƏS TV)
Xanəndə Zakir Əliyevin SƏS TV-yə müsahibəsi:
- Sənətə gəlişiniz haqqında qısa məlumat verərdiniz...
- 1983-cü ildə keçirilən "Respublika Baxış" müsabiqəsinin qalibi olmuşam. Həmin ildə də Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olmuşam. Xanəndə Arif Babayevdən dərs almışam. Bununla yanaşı, Şövkət Məmmədova və İslam Rzayev müəllimlərim olub. Daha sonra isə Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Hal- hazırda isə həmin universitetdə muğam kafedrasında müəllim vəzifəsində çalışıram.
- Baxmayaraq ki, son zamanlar muğam ifaçılarına efirlərdə çox rast gəlirik, ancaq siz elə çox görünmürsünüz. Bunun səbəbi nədir?
- Belə düşünmürəm ki, efirlərdə az oluram. Onu qeyd edim ki, bu yaxınlarda zabur segah dəsgahı, mahur hindi muğamını lentə aldırmışam. Həmin ifaları xalq artisti Möhlət Müslümovun ansamblı ilə lentə aldırmışam. Bununla yanaşı, dövlət televiziyamızda da muğam verilişlərimizdə ifalarımız səsləndirilir.
- Muğamla yanaşı digər sahələrdə də ifa edirsiniz. Hamısını bir arada görmək çətin olmur?
- İxtisasım xanəndəlikdir. Muğam sənətindən bəhrələnib musiqi aləminə gəlmişəm. Buna baxmayaraqretro musiqilərimizdən, müasir musiqilərdən də ifa edirəm. Çətin olmur, əksinə çox kömək edir. Bir az insanın duyğularının dərinləşməsinə kömək edir.
- Estrada müğənniləri ilə duet ifa etmisiniz?
- Bəli. Buna misal olaraq, Almaz Orucova, Mənzurə Musayeva və bir neçə estrada müğənniləri ilə duetim olub.
- Çətin olmur bu sahəyə qatılmaq?
- Çətinlik yoxdur. Əksinə yeni bir mahnı oxuyanda daha yaxşı olur. Böyük sənətkarlarımız demişkən, hər yeni mahnı sənətdə irəliyə doğru atılan bir addımdır.
- Bəzi muğam ifaçılarının estrada sənətinə gəlməsi toy müğənnisi olaraq pul qazanmaq fikrinin olmasıdır. Sizdə də belədir?
- Baxmayaraq ki, müğənnilərin əsas qazanc yeri toylardır. Onu da qeyd edim ki, artıq toylarda həm xalq mahnıları, həm muğamlarımız, həm də estrada mahnıları səsləndirilir. Yaxşı ifaçını xalqımız hər zaman qiymətləndirilir.
- Televiziyalarda nümayiş olunan muğam müsabiqəsinin keçirilməsi yeni ifaçıların yetişdirilməsində nə kimi rol oynayır?
- Xüsusi olaraq qeyd edim ki, muğam sənətinə dövlətimizin verdiyi diqqət və qayğı bu gün öz bəhrəsini verir. Baxmayaraq ki, əvvəllər toylarda muğam oxunmasını ev sahibi istəmirdi. Ancaq indi əksər toylara muğam ifaçılarını dəvət edirlər. Hazırda keçirilən müsabiqələr gələcəkdə öz bəhrəsini verəcək. Çünki Azərbaycanda çoxlu istedadlı gənclərimiz var. Həmin gəncləri də bu müsabiqələr üzə çıxarır. Bizim sənətimiz elədir ki, daima öz üzərimizdə çalışmalıyıq. Eyni nəfəslər, eyni boğazlar tamaşaçı üçün maraqsızdır. Kimlər ki daxilən bu sənəti sevəcəklər, o zaman onlar hər zaman bu sənətdə qalacaqlar.
- Muğam sənətindən dərs deyirsiniz, layiqli muğam ifaçıları yetişdirə bilirsinizmi?
- Yaxşı tələbələrim var. Orada olan mühit ondan xəbər verir ki, gənc ifaçılarımız gələcəkdə özlərini layiqli təmsil edəcəklər. Təbii ki, bu sahəyə gələnlər hamısı peşəkar ifaçı ola bilməz.
- Gələcəkdə nə kimi işləriniz var?
- Bu yaxınlarda yeni diskim işıq üzü görüb. Diskimin adı "Səslə məni"dir. Bütün yaradıcılığım burada yer alıb. Burada həm bəstəkar mahnıları, xalq mahnıları və digər ifalar cəm şəkildə buraxılıb. Bununla yanaşı, hazırda yeni mahnı üzərində çalışıram. Bəstəkar Nailə Mirməmmədlinin Azərbaycana aid bir mahnısı artıq aranjemandadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB