Əbülfəs Qarayev türkiyəli jurnalistlərlə görüşüb- FOTO

Əbülfəs Qarayev türkiyəli jurnalistlərlə görüşüb- FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türkiyəli jurnalistlərlə görüşüb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazir Azərbaycan-Türkiyə tərəfdaşlığının güclənməsində medianın mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, ölkəmizin tarix və mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin fəaliyyəti böyük önəm kəsb edir.

Azərbaycanın regionda ən inkişaf edən ölkə olduğunu qeyd edən nazir Azərbaycan-Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsindən söhbət açıb.

Daha sonra nazir Ermənistanın ölkəmizə hərbi təcavüzdən danışaraq bu təcavüzün Azərbaycanın mədəniyyətinə, incəsənətinə də qarşı yönəldiyini qeyd edib. Ermənilərin milli musiqimizi, tarixi abidələrimizi, hətta milli yeməklərimizi öz adlarına çıxmağa çalışdıqlarını nəzərə çatdırıb.

Türkiyəli jurnalistlər erməni təcavüzünə məruz qalan tarixi abidələrimizin vəziyyəti barədə məlumat alıblar. Qardaş ölkənin media təmsilçiləri həmçinin Azərbaycana gələn turistlərin sayı, turizm sektorunda gedən proseslər, həmçinin 2012-ci ildə Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə hazırlıqla bağlı görülən işlərlə maraqlanıblar.

Məlumat üçün bildirək ki, Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ölkəmizdə səfərdədir. Heyətə qardaş ölkənin yüksək tirajlı mətbu orqanlarından "Zaman", "Todays Zaman", "Hürriyet", "Hürriyet Daily News", "Star" və "Radikal" qəzetlərinin təmsilçiləri daxildir.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfərdə məqsəd Azərbaycanın tarixi, mədəniyyəti, çağdaş siyasəti, iqtisadi potensialı, Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha ətraflı şəkildə təqdim olunmasında qardaş ölkə mediası ilə daha sıx əməkdaşlığı təşviq etməkdir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində türkiyəli jurnalistlərin ölkəmizin dövlət və hökumət qurumlarında görüşləri də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə