“Sarvan” rəqs qrupuna gürcü milli geyimləri təqdim olunub

“Sarvan” rəqs qrupuna gürcü milli geyimləri təqdim olunub

10 iyun 2011-ci il tarixində Gürcüstanın Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyində nazir Nikoloz Rurua Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nümayəndələri və Mərkəzin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs qrupunun üzvlər ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, görüşdə məqsəd Azərbaycan mədəniyyətini Gürcüstanda təbliğ etməklə yanaşı gürcü cəmiyyətinə inteqrasiyanı mədəni əlaqələrlə reallaşdıran, bunun üçün repertuarı gürcü rəqsləri ilə zəngin olan "Sarvan" folklor rəqs qrupuna Reinteqrasiya Məsələləri üzrə Nazirliyin təşəbbüsü ilə Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən xüsusilə hazırlanmış gürcü milli geyimlərinin təqdim etmək idi.

Tədbirdə Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi naziri cənab Nikoloz Rurua ilə yanaşı Gürcüstanın Reinteqrasiya məsələləri Üzrə Nazirliyinin Mülki inteqrasiya idarəsinin rəisi Maya Xviçia və azərbaycanlı müşavirləri Savalan Mirzəyev, Zairə Musayeva, Kvemo Kartli quberniyasının nümayəndəsi Nino Basiaşvili, gürcü ziyalıları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Naziri Nikoloz Rurua azərbaycan-gürcü xalqları arasında olan mədəni və dostluq əlaqələri haqqında danışıb. "Sarvan" folklor rəqs qrupunun fəaliyyəti ilə tanış olduğunu söyləyən nazir qrupun üzvlərinin Azərbaycan rəqsləri ilə yanaşı gürcü rəqslərini də ifa etdiklərini bildirib.

Daha sonra "Sarvan" rəqs qrupu təqdim olunan gürcü milli geyimlərində səhnəyə çıxmış, canlı musiqinin müşayiətində yeni səhnələşdirilmiş "Mtiuluri" (Dağlar rəqsi) rəqsini toplaşanlara təqdim edib.

Rəqs nömrələrindən sonra çıxış edən Gürcüstanın Reinteqrasiya məsələləri Üzrə Nazirliyinin Mülki inteqrasiya idarəsinin rəisi xanım Maya Xviçia rəqs qrupunun çıxışlarını bəyəndiyini söyləmiş, Gürcüstan Mədəniyyət və Mədəni Abidələrin Mühafizəsi Nazirliyinə onların ricasını yerinə yetirdiyinə görə təşəkkürünü bildirib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov öz çıxışında bütün Gürcüstan azərbaycanlıları adından Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətə görə nazir Nikoloz Ruruaya təşəkkürünü bildirib.

Xatırladaq ki, "Sarvan" qrupu artıq 4 ildir ki, fəaliyyət göstərir. Qrupun formalaşmasında, onların milli geyimlərlə təmin olunmasında Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin böyük dəstəyi olub. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs qrupu Azərbaycan xalq rəqslərini Gürcüstanda təmsil etməklə yanaşı gürcü rəqslərinə də müraciət edir. "Sarvan " folklor rəqs qrupu bir çox beynəlxalq müsabiqələrdə iştirak etmiş, qran-pri, qızıl medal, kubok və diplomlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə