"Son illərdə Azərbaycan mədəni və kreativ innovasiyalar sahəsində dünyaya yeni ideyalarla açılmağa çalışır". Bunu SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, bu məqsədlə ölkədə müxtəlif beynəlxalq və yerli mədəni tədbirlər həyata keçirilir: " Xüsusilə Bakı şəhəri bu tədbirlərin əsas mərkəzinə çevrilib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə – Şuşa və Xankəndidə təşkil olunan Mədəniyyət günləri, Vaqif Poeziya Günləri, “Sarı Bülbül” festivalı, beynəlxalq folklor tədbirləri və musiqi festivalları, həmçinin Qəbələdə klassik bəstəkarlıq musiqisinə həsr olunmuş tədbirlər bu sahədə görülən işlərin miqyasını göstərir. Bütün bu tədbirlər onu sübut edir ki, Azərbaycan kulturoloji innovasiyalar və geokreativ əlaqələr vasitəsilə öz beynəlxalq imicini getdikcə möhkəmləndirir. Ancaq bu prosesdə müşahidə olunan əsas problemlərdən biri tədbirlərin yalnız mərkəzləşdirilmiş şəkildə əsasən Bakı və qismən Qarabağ bölgəsində keçirilməsidir. Reallıq budur ki, Qarabağa getmək hər vətəndaş üçün əlçatan deyil. Buraya səfər maliyyə baxımından çətinliklər yaradır, eyni zamanda, inzibati icazə prosedurları və təhlükəsizlik məsələləri bu səfərləri məhdudlaşdırır. Hələlik Qarabağın bir çox hissəsində əhalinin daimi məskunlaşması da tam təmin edilməyib. Belə olan halda, bu tədbirlərin keçirilməsinin əsas məqsədi daxili cəmiyyətə deyil, daha çox beynəlxalq auditoriyaya istiqamətlənmiş kulturoloji imicin formalaşdırılmasıdır.
Digər tərəfdən, bu tədbirlərin geniş ictimaiyyətdə necə qarşılandığı da sual doğurur. Müasir dövrdə Kütləvi İnformasiya Vasitələri – internet saytları, sosial media və televiziya bu hadisələri işıqlandırsa da, informasiya bolluğu və insanlarda müşahidə olunan passivlik səbəbindən bu məlumatların təsir gücü azalmışdır. İnsanlar bu tədbirlərin çoxunu izləmədən ötüb keçir. Beləliklə, mədəniyyət siyasətinin cəmiyyət üzərindəki real təsiri gözlənilən qədər olmur.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Gəncə, Naxçıvan, Quba, Sumqayıt, Lənkəran, Mingəçevir, Zaqatala, Qazax kimi şəhərləri uzun illər boyu güclü mədəniyyət mühitlərinə malik olub. Bu bölgələrdə bir-biri ilə rəqabət aparan, müxtəlif ədəbi və sənət məktəbləri formalaşıb. Gəncədə Nizami Gəncəvi, daha sonra Rəsul Rza, Anar kimi ədəbi simaların fəaliyyəti bu şəhərin mədəni potensialını nümayiş etdirir. Şəkidə Mirzə Fətəli Axundzadənin irsi və digər bölgələrdə yaradılmış ədəbi mühitlər bu zəngin irsin yalnız bir hissəsidir. Belə bir mədəni baza üzərində yeni tədbirlərin təşkili regional mədəni dirçəlişi təmin edə bilər".
Aydın Xan Əbilov bildirir ki, hazırda bəzi regionlarda lokal tədbirlər keçirilir. Məsələn, Lənkəranda “Türk Dünyası Gənclər Paytaxtı”, Sumqayıtda “Gənclər Paytaxtı”, Qəbələdə isə “MDB Gənclər Paytaxtı” kimi layihələr reallaşır. Lakin bu tədbirlər daha çox formal xarakter daşıyır və əsasən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilir. Onların təsir dairəsi isə yalnız tədbir iştirakçıları ilə məhdudlaşır və geniş ictimaiyyətin mədəniyyətə marağının artmasında mühüm rol oynamır.
Əslində isə mədəniyyət tədbirlərinin funksiyası təkcə muzeylər, ədəbi və poeziya gecələri, konsertlərdən ibarət olmamalıdır. Bu tədbirlər həm də iqtisadi dəyər yarada biləcək kreativ sənayelərin inkişafına yönəlməlidir. Xalq yaradıcılığı nümunələrinin sərgiləri, folklor festivalları, əfsanə və nağıl gecələri, regional mətbəx festivalları, eləcə də rəssamların və bəstəkarların əsərlərindən ibarət sərgi-satış tədbirləri bu baxımdan çox böyük potensiala malikdir.
Bu sual yaranır: niyə bu imkanlardan istifadə edilmir? Niyə bu tədbirlər bütün ölkə üzrə sistemli şəkildə keçirilmir?
Cavab aydındır: ölkənin mədəniyyət siyasəti üçün bütöv, uzunmüddətli və bölgələri əhatə edən bir proqramın mövcud olmaması bu sahədəki inkişafın qarşısını alır. Mədəni irs yalnız mərkəzi şəhərlərdə deyil, bütün bölgələrdə tanıdılmalı, təşviq olunmalı və iqtisadi dəyərə çevrilməlidir. Bu, həm Azərbaycanın mədəni kimliyinin dərinləşməsinə, həm də regional inkişafın stimullaşdırılmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə