"Elçin Əfəndiyev mənim üçün dost, səfər yoldaşı idi” - MÜNASİBƏT BİLDİRİLDİ
"Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatına 1960-cı ildən gənc yazıçı kimi daxil olub". Bunu SİA-ya açıqlamasında Elçin Əfəndiyevlə bağlı fikirlərini bölüşən əməkdar jurnalist, pedaqoq Etibar Babayev deyib.
Onun sözlərinə görə, 60 il və daha çox bir dövr ərzində iz qoymaq, ad qoymaq və bu gün belə təntənə ilə yola salınmaq hər yazıçıya nəsib olmur: "Elçini elə o illərdən tanıyırdım. Çox yaxın münasibətlərimiz olub. Mərhum İlyas Əfəndiyev və mənim atam Adil Babayev dost idilər, ailəvi münasibətlərimiz vardı. Bu illər ərzində Elçin müəllimlə harada işləməsindən asılı olmayaraq tez-tez görüşərdik, bir neçə dəfə səfər yoldaşı da olmuşuq. Qardaş Türkiyədə – hələ 1986-cı ildə Bakı ilə İzmir şəhərinin qardaşlaşması ilə bağlı çox gözəl bir missiyada birlikdə iştirak etmişik.
Xatirələrim çoxdur... Amma bu gün Elçin müəllimin vəfatına ən çox kədərlənənlərdən biriyəm. İnsanı bir az da təsəlli edən odur ki, Elçin bu dünyadan böyük ehtiramla, hörmətlə köçdü. Harada işləməsindən asılı olmayaraq, o, hər zaman səmimiliyi, sadəliyi, peşəkarlığı ilə fərqlənirdi. Elçin həm gözəl ailə başçısı idi, həm də gözəl övlad. O, İlyas Əfəndiyevin xatirəsini hər zaman uca tutan, atasının kölgəsində yox, işığında böyüyən bir oğul idi. Allah ona rəhmət eləsin, ruhu şad olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə