Aktrisa Mehriban Zəki və Xalq artisti Bəsti Cəfərova mərhum yazıçı-dramaturq Elçin Əfəndiyevlə bağlı xatirələrini SİA-ya bölüşüblər. Onlar bu ağır itkini Azərbaycan mədəniyyəti üçün böyük boşluq kimi qiymətləndiriblər.
Mehriban Zəki:
"Dünən Elçin müəllimin dünyasını dəyişdiyi xəbərini eşidəndə bir anlıq ürəyim dayandı. Elə hiss etdim ki, Azərbaycan mədəniyyətinin çox parlaq, vacib və yeri heç zaman dolmayacaq bir insanı bu dünyadan köçdü. Elçin müəllimin ssenarisi əsasında çəkilən “Hökmdarın taleyi” filmi mənim üçün xüsusi yerə malikdir. Onunla çox dəyərli söhbətlərimiz olub. Amma həyat öz sözünü deyir – anlayırsan ki, ölüm elə bir şeydir ki, sən ona hazır olmadığın anda gəlir və bütün planlarını alt-üst edir. Mən əziz Günay xanıma və gözəl Aysun xanıma səbr diləyirəm. Bu itki təkcə onların deyil, bütün ölkənin, xalqın, sənət cameəsinin itkisidir".
Bəsti Cəfərova:
"Bu gün çox kədərli bir gündür. Mən Elçin müəllimin “Poçt şöbəsində xəyal” adlı tamaşasında rol almışam. Tamaşa 1968-ci ildə yazılsa da, yalnız 2000-ci ildə səhnəyə qoyuldu və mən o zaman oynamışam. Elçin müəllim deyirdi ki, onların evində aktyorlar haqqında elə səmimi danışılır ki, sanki aktyorlar onların ailə üzvləridir. Biz bu gün sadəcə böyük bir yazıçını yox, öz yaxın dostumuzu, doğmamızı itirmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə