Heydər Əliyev adına parkın amfiteatrında "Əlvida, Şmitd!" filmi nümayiş etdirilib

Azərbaycan Kinosu Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində avqustun 1-də Bakı şəhəri Xətai rayonu, Heydər Əliyev adına parkın amfiteatrında açıq havada film nümayişi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rejissor Əli-Səttar Quliyevin "Əlvida, Şmitd!" bədii filmi yaradıcı heyətlə bərabər kinosevərlərin görüşünə gəlib.

ARKA-nın əməkdaşı Turan Məmmədli bildirib ki, agentlik yarandığı gündən etibarən kino sənayesinin dəstəklənməsi, kino istehsalının artırılması, təşviqi, infrastrukturun yenidən təşkili istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, bundan sonra da bu işlər ardıcıl şəkildə aparılacaq: "Biz ölkəmizdə aktiv kino izlənməsini yenidən bərpa etmək, istehsal olunmuş filmlərin və həmin istiqamətdə çalışan insanların sayını artırmaq istəyirik. Bu, həm iqtisadi, həm ideoloji baxımdan, həm də incəsənət adamlarının öz sənətlərini, bacarıqlarını nümayiş etdirmələri üçün çox əhəmiyyətlidir. Həmin istiqamətlərdə Mədəniyyət Nazirliyi və Kino Agentliyi əlindən gələni edir və bundan sonra da etməyə davam edəcək".

Daha sonra çıxış edən quruluşçu rejissor Əli-Səttar Quliyev və baş rol ifaçısı, “Kino Sənayesi İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini Azər Aydəmir filmin məğzi barədə ətraflı məlumat verib, Azərbaycan Kinosu Günü münasibətilə kino fədailərini və kinosevərləri təbrik ediblər.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə