Uğurla davam edən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Kamera musiqisi axşamında Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Gülnaz İsmayılova (soprano) tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, konsertdən əvvəl Xalq artisti Ülviyyə Hacıbəyova çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcılığı və konsertdə ifa olunacaq əsərlər barədə qısa məlumat verib. Xalq artisti deyib: “Mən həmişə Üzeyir Hacıbəylini “dahilərin dahisi” adlandırmışam. Xalqımız da onu belə qavrayıb və qəbul edib. Çünki Üzeyir Hacıbəyli yalnız bir sahədə deyil, mədəniyyətimizi əhatə edən bir çox sahədə dahi statusunu qazanıb. O, həm böyük dramaturq, publisist, həm də musiqişünas, bəstəkar, böyük vətəndaş olub”.
Konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, “Koroğlu” operasından Nigarın ariyası, “Uvertüra”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən Vals, Soltan Hacıbəyovun “Nəğmə”, Qara Qarayevin iki prelüdü, Arif Məlikovun “Güllər”, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası, Tofiq Quliyevin “Sevincim Bakı”, Niyazi Hacıbəyovun “Rast” simfonik muğamından fraqmentlər, “Arzu”, Fərhad Bədəlbəylinin “Ave Maria” və digər bəstəkarların əsərləri səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə