Bakıda “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı davam edir

Bakının “Sea Breeze” istirahət mərkəzində “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı davam edir. Bu festival artıq musiqi bayramına çevrilərək dünya ulduzlarını və onların pərəstişkarlarını Xəzər dənizi sahilində açıq hava altında bir araya gətirib.

SİA xəbər verir ki, festivalın üçüncü günü başlamazdan əvvəl sənətçilər ənənəyə uyğun olaraq simvolik firuzəyi xalça üzərindən keçiblər. Onun çaları Xəzər dənizinin səthinin parıltısını xatırladırdı.

Konsert proqramı italiyalı müğənni “In-Grid”in çıxışı ilə başlayıb. O, Vaqif Nağıyev ilə birlikdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib. Tamaşaçılar bu çıxışı gur alqışlarla və böyük coşqu ilə qarşılayıblar.

Daha sonra musiqili axşam ifaçılar Yuhan Benyaminov, Emin Ağalarov, Sandra Ann Lauer (Sandra), Haddway, “Kosheen”, “Ottawan”, “Bad Boys Blue”, “Secret Service” və digər artistlərin çıxışları ilə davam edib.

Bu axşam 1980–1990-cı illərin disko musiqisinə həsr olunub və retro sevənlər üçün əsl hədiyyə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə