Mərkəz rəhbəri: Azərbaycan dünya mədəniyyətinə böyük töhfələr verib

Azərbaycan dünya mədəniyyətinə böyük töhfələr verib. Gürcüstanda da çoxlu sayda azərbaycanlı yaşayır. Onlar da öz milli mədəniyyətini, kimliyini yaşadır, inkişaf etdirirlər. Biz də Gürcüstanda Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin inkişafına, daha geniş təbliğinə, tanıdılmasında onlara köməklik göstəririk.

SİA-nın məlumatına görə, bu sözlər müsahibəsində Marneuli Mədəniyyət Mərkəzinin rəhbəri Natella Şavişvili deyib.

Onun sözlərinə görə, Marneulidə Azərbaycan xalçalarından ibarət sərginin açılması da məhz bu məqsədi daşıyır.

O deyib: “Bugünkü tədbirin təşkilatçısı Marneuli Mədəniyyət Mərkəzidir. Biz bir neçə il bu milli layihə üzərində işlədik. Azərbaycan xalçaları və ümumilikdə Azərbaycan mədəniyyəti marağımızı çəkdi və mədəniyyət mərkəzinin nəzdində Azərbaycan xalçaçılıq studiyasını açdıq. Bu studiyada əsasən Azərbaycan xalçaları toxunur. Burada təşkil olunmuş kurslarda gənclərə xalçaçılığın sirləri öyrədilir. Yaxın və ucqar kəndlərdə qədim Azərbaycan xalçaçılıq və digər toxuculuq sənəti nümunələri var. Biz onların eskizlərini hazırlayırıq və burada toxutdururuq. Hesab edirik ki, biz bu yolla Azərbaycan xalçalarının dünyada tanıdılmasında mühüm işlər görə bilərik.

“Bizim üçün çox vacibdir ki, burada yaşayan müxtəlif millətlərə Azərbaycanın bu mədəniyyətini çatdıraq, onların məlumat bazasını artıraq. Məhz bugünkü keçirilən bu sərginin məqsədi elə budur”, – deyə Natella Şavişvili vurğulayıb.

Onun sözlərinə görə, sərgidə nümayiş olunan xalçalar yalnız Kvemo Kartlidə yaşayan azərbaycanlılar tərəfindən toxunulub. Buna görə də əl işi olan bu xalçaçılıq ənənələrinin yaşadılması çox önəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə